KÖŞƏ

Vəli İlyasov

Tariximizə və mədəniyyətimizə qənim kəsilən vandallar

11 yanvar 2018 14:02
2416

Vaxtilə havadarlarının köməyi ilə Qərbi Azərbaycan torpaqlarını ələ keçirib sonra oranı Ermənistan adlandıran  erməni vandalları kəndlərimizi, şəhərlərimizi, abidələrimizi, qəbiristanlıqlarımızı dağıdıb məhv etdilər və ya adlarını dəyişdilər. Bu proses indi paralel olaraq Dağlıq Qarabağda və ona bitişik işğal altında olan rayonlarımızda da davam etdirilir. Maddi-mədəniyyət abidələrinin zənginliyi ilə fərqlənən Qarabağ bölgəsində muzeylər, məscidlər və digər abidələr vəhşi ermənilər tərəfindən dağıdılıb yer üzündən silinməkdədir. Onlar təkcə İslam mədəniyyətinə aid olan abidələri deyil, ondan əvvəlki sivilizasiyalara məxsus abidələri də vandallara xas üsullarla məhv edirlər.

 İlk insan məskənlərindən olan dünyaca məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərriktəpə kurqanları indi hərbi məqsədlər üçün istifadə edilir. Cəbrayıl, Ağdərə, Füzuli, Kəlbəcər, Qubadlı, Zəngilan, Laçın, Ağdam və Şuşada min illərin yadigarları-türbələr, qəbirüstü abidələr, məbədlər, məscidlər, ümumiyyətlə, Qafqaz Albaniyasına məxsus bütün abidələr yerlə yeksan olunub və bu iş quldurlar tərəfindən cidd-cəhdlə davam etdirilməkdədir. Qeyd edək ki, məhv edilməyən abidələr üzərində dəyişikliklər aparılaraq özününküləşdirilir. Belə çirkin yollarla ermənilər maddi-mənəvi mədəniyyətimizi və qədim tariximizi yoxa çıxarmağa çalışırlar. Onlar belə işlərdə “mahir” olduqlarını çoxdan sübut ediblər. Ermənilər qədim alban xaçlarını öz adlarına çıxmaqdan da utanıb-çəkinmirlər.

 Dağlıq Qarabağın işğal altındakı ərazilərində 1500-dən artıq tarixi əhəmiyyətə malik abidələrin olduğu bildirilir.  Təkcə  403 tarixi dini abidə var. Onun 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgah və pirdir. Bizim müqəddəs ocaqlarımızın qənimi olan ermənilər ilk növbədə onları amansızcasına məhv edirlər.

Xatırladaq ki, 1988-ci ildə azərbaycanlılar min illik ata-baba yurdlarından zorla deportasiya olunduqdan sonra erməni vandallar İrəvan şəhərindəki Dəmirbulaq məscidini tamamilə dağıdıblar. Göy məscidi isə guya “yenidən bərpa” adı ilə söküblər. Dağıdılan arxitektura abidələri sırasında XVII əsrin ikinci yarısında Qara Seyid tərəfindən tikilmiş Hacı Novruzəli bəy məscidi və “Sərdar sarayı” da var.

Beynəlxalq təşkilatların təzyiqləri ilə yalnız Ağdam Cümə məscidi, Şuşada Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub. Ancaq ermənilər daha bir əxlaqsızlıq nümayiş etdirərək Ağdam Cümə məscidində ev heyvanları, o cümlədən donuz saxlamaqla xalqımıza və dinimizə qarşı barışmaz açıq düşmənçiliklərini açıq şəkildə göstərirlər.

 Onu da xüsusi qeyd edək  ki, dünyanın ən həyasız milləti kimi ad qazanmış ermənilər bir çox abidələrimizi “restavrasiya” edərək xaricilərə özlərininki kimi təqdim edirlər. Ancaq həm yerli, həm də xarici tədqiqatçıların bir çoxu ermənilərin bu həyasızlıqlarını  bilir, öz əsərlərində və rəylərində əsl həqiqəti əks etdirirlər. Onların arasında tanınmış rus, fransız, ingilis və polyak alim və tədqiqatçıları daha çox yer tutur.

 2017-ci ilin dekabr ayında İstanbulda müsəlman dövlətləri başçılarının sammitində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ermənilərin məkrli niyyətlərini və  əməllərini ifşa edərək bildirdi ki, müsəlman məscidlərini dağıdan Ermənistan müsəlman dövlətləri ilə heç vaxt dost ola bilməz.

Əslində böyük beynəlxalq təşkilatlar Azərbaycan topaqlarını zorakılıqla işğal edən, maddi-mədəniyyət və tarixi abidələrini məhv edib yer üzündən silən cinayətkar Ermənistandan  bunların dayandırılmasını və beynəlxalq hüquq təşkilatlarından isə bu ölkənin aidiyyəti rəhbər şəxslərinin  cəzalandırılmasını tələb etməlidirlər. Əgər belə olsa, onda haqq-ədalət gec də olsa öz yerini tapar.