18 oktyabr 2018 22:32
3032

Daha böyük uğurlara aparan yol...

10 yaşlı Validənin həm dərslərində əldə etdiyi müvəffəqiyyət, həm də məşğul olduğu idman növündə qazandığı qələbələr bunları deməyə əsas verir

Bu gün öz peşəsinin ustası olub, ad-san qazanan istənilən məşhurdan uğur formulunun səbəbi soruşsanız, şübhəsiz ki, bu uğurun arxasında uşaqlıq xəyalının, arzu və istəyinin durduğunu söyləyər. Təbii ki, bütün insanlar öz arzu və istəklərinə uşaq yaşlarında çatmırlar. Bəzilərimiz bunun üçün nə qədər çalışsaq da bəzən məqsədimizə gec nail olur, çox vaxt isə heç çata bilmirik. Amma aramızda hər kəsin nail olmaq istədiyi uğura hələ kiçik yaşlarından çatanlar da var. Belə insanların uğurunu vaxtında qiymətləndirmək onlar üçün stimul olmaqla yanaşı, eyni zamanda ya özlərinin, ya da övladlarının uğur yoluna güzgü tutur.

8 yaşında çempion?...

Təəccüblənməyin. Bu, həqiqətən də belədir. Mətləbə keçməmişdən əvvəl qeyd edək ki, bədii gimnastika xüsusilə zərif cinsin nümayəndələri tərəfindən sevilən və pərəstiş edilən bir idman növüdür. Son illər bu idman sahəsi Azərbaycanda da sevilir və gənc qızlarımız bu sahəyə xüsusi maraq göstərirlər. Bu gün haqqında danışacağımız 10 yaşlı Validə Mahmudova da belələrindən biridir. 10 yaşında olmasına baxmayaraq, artıq yaşıdları arasında kifayət qədər fərqlənən və yeni-yeni qələbələrə imza atan bu fidan balamız 8 yaşında  Azərbaycan Respublikası Təhsil Nazirliyi İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin 5 iyul 2016-cı ildə keçirdiyi yarışda 1-ci yerə layiq görülüb. Hələ qarşıda bundan qat-qat artıq uğurlara imza atacağına inandığımız Validənin bu nailiyyəti həm özünə, həm ailəsinə, həm də təhsil aldığı məktəbinə başucalığı gətirib, onda bu yolda daha əmin addımlarla irəliləməyə stimul yaradıb.

Həm savadlı, həm bacarıqlı...

Validə lap kiçik yaşlarından çox mehriban və ağıllı olub.Yazmağı,oxumağı erkən öyrənib. O, dərslərinə məsuliyyətlə yanaşan dərs əlaçısıdır. Validə oxuduğu məktəbdə də dəfələrlə uğurlar əldə edib, məktəbin təşkil etdiyi müxtəlif yarışlarda fəal iştirakına görə bir neçə fəxri fərmanla təltif olunub. Bütün fənlərə eyni dərəcədə həvəs göstərməsi də onu yaşıdlarından fərqləndirən əsas keyfiyyətlərdəndir. Bu da onun bacarıqlı olduğu qədər də, savadlı olmasına da dəlalət edir. Bütün bunlarla yanaşı, Validə həm də Cəbrayıl Rayon Uşaq Musiqi Məktəbinin fortopiano şöbəsinin ikinci sinfində təhsil alır. Valideynlərinin dediyinə görə, idmanla yanaşı, musiqiyə olan həvəsi onun həm də bu sahədə uğur qazanacağına inam yaradır.

Dost həmrəyliyi, valideyn dəstəyi...

Validənin uğurlarına valideynləri, dostları, müəllimləri, hazırda təhsil aldığı Texniki-Humanitar Liseyin kollektivinin üzvləri də qəlbən sevinirlər. Bu da təbii ki, Validəni gələcəkdə daha böyük uğurlar qazanmağa ruhlandırır. Beşinci sinif şagirdi olan Validə belə kiçik yaşda əldə etdiyi uğurlarla kifayətlənmir, öz üzərində səylə çalışır, hədəflərinə çatmaq üçün daim axtarışda olur. Gələcəyinə böyük inam bəslədiyimiz Validənin bu yolda ən böyük dəstəkçiləri isə valideynləridir. Onlar balaca qızlarının uğurlarına ən çox sevinən, uğura gedən yolda ona ən çox güvənən və dəstək olanlardır. Nəzərə alsaq ki, uşağın kiçik yaşlarda uğur qazanmasını şərtləndirən əsas amillərdən birincisi ailədir, onda Validənin valideynlərinin bu məsələdə nə qədər məsuliyyətli və diqqətli olduqlarını deməyə ehtiyac qalmaz.

Biz də gələcəyinə böyük ümidlər bəslədiyimiz Validəyə uğurlar arzulayır, müvəfəqiyyətlərinin davamlı olmasını diləyirik. Ümid edirik ki, gələcəkdə Azərbaycanın üçrəngli bayrağı onun sayəsində bu populyar idman növündə fəxri kürsünün ən yüksək pilləsində dalğalanacaq.

Şəfiqə Dadaşova,  “İki sahil”