09 aprel 2018 19:19
1259

Buzovnada yeni idman zalının açılışı olub

Aprelin 9-da Xəzər rayonunun Buzovna qəsəbəsində yeni idman zalının açılışı olub.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən gənclər və idman naziri Azad Rəhimov idman zalının Bakı və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına əsasən, Gənclər və İdman Nazirliyinin sifarişi əsasında tikildiyini bildirib. İdman zalında hər cür şəraitin yaradıldığını vurğulayan nazir deyib ki, uşaqlar, yeniyetmələr və gənclər burada idmanın sirlərinə yiyələnə biləcəklər. A.Rəhimov qeyd edib ki, Buzovna idman zalının istifadəyə verilməsi Azərbaycanda idmanın inkişafına göstərilən yüksək diqqət və qayğının növbəti təzahürüdür. Bu gün ölkəmizdə 43 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Bundan əlavə, bir neçə Olimpiya İdman Kompleksinin tikintisi davam etdirilir.

Milli Məclisin deputatı, Azərbaycanın Uşaq-Gənclər Futbol Federasiyasının (UGFF) prezidenti, deputat Rauf Əliyev çıxışında Buzovna sakinlərinin xahişi əsasında inşa edilən zalın qəsəbədə uşaq, yeniyetmə və gənclərin idmana daha geniş cəlb olunmalarına imkan yaradacağını deyib.

Çıxışlardan sonra mərasim iştirakçıları zalda yaradılan şəraitlə tanış olublar.

Ümumi sahəsi 1500 kvadratmetr olan ikimərtəbəli binada universal idman, trenajor zalları, şahmat, tədris, məşqçi, həkim, soyunub-geyinmə otaqları, inzibati kabinetlər və kafe var. Bina ən müasir avadanlıqla təchiz edilib. İdman zalının ərazisində süni örtüklü voleybol meydançası da yaradılıb. Buzovna idman zalı müasir havalandırma, işıqlandırma və yanğına qarşı mühafizə sistemləri ilə təchiz edilib. Buraya yeni su, qaz, işıq və rabitə xətləri çəkilib. Ərazidə geniş abadlıq işləri görülüb, yaşıllıq zolağı salınıb.