11 sentyabr 2017 19:01
232

“Neftçi”yə baş məşqçi

“Neftçi” futbol klubuna yeni baş məşqçi təyin olunub.

Komandanı Tərlan Əhmədov çalışdıracaq. Təcrübəli mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanıb.

Tərlan Əhmədov bu gün komandanı ilk məşqə çıxaracaq. Azərbaycan Premyer Liqasının V turu çərçivəsində sentyabrın 16-da baş tutacaq “Neftçi”–“Zirə” oyunundan bir gün əvvəl yeni baş məşqçinin rəsmi təqdimatı ilə bağlı mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, Tərlan Əhmədov 1989-1991-ci, 1998-2002-ci illərdə “Neftçi”də çıxış edib, 117 oyunda 6 qol vurub. 1999-cu ildə ölkə kubokunun qalibi olub və Azərbaycanın ən yaxşı futbolçusu seçilib. 1992-2005-ci illər ərzində milli komandada 75 oyun keçirib. Qırx beş yaşlı mütəxəssis 2011-2013-cü illərdə "Neftçi”də məşqçi vəzifəsində çalışıb. Həmin müddətdə komandamız Azərbaycan çempionatının (2012, 2013) və kubokunun (2013) qalibi olub, futbol tariximizdə ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.