14 noyabr 2017 18:40
668

“Fransa və Azərbaycan çempionatlarını müqayisə etmək tezdi”

Fransanın “Le Kann” klubunun şərəfini qoruyan Azərbaycan millisinin voleybolçusu Olena Həsənovanın apasport.az saytına müsahibəsi

- Artıq Fransa çempionatında 5 tur arxada qalıb. Keçirdiyiniz oyunlarda 11 xalla turnir cədvəlində 4-cü pillədə qərarlaşmısız. Komandanın startdakı çıxışını necə dəyərləndirərdiz?

- Komandamızın çıxışından razı qaldığımı deyə bilərəm. Etiraf edirəm ki, mövsümə heç də pis başlamadıq.

- “Le Kann”ın qarşısına cari mövsüm üçün hansı məqsəd qoyulub?

- Hədəfimiz yüksəkdi. Komandanın əsas məqsədi Fransa çempionu olmaqdı.

- Amma Çempionlar Liqası ilə erkən vidalaşdız. Belarus “Miçanka”sına məğlubiyyəti nə ilə izah edərdiz?

- Hesab edirəm ki, bizdə oyunçulararası anlaşma çatmadı. Çünki birlikdə uzun müddət məşq etməmişdik. Fikrimcə, öz səhvlərimiz hesabına uduzduq. Belə xətaları rəqibdən çox etdiyimiz üçün yarışla vidalaşdıq.

- Qitənin ən nüfuzlu klub turniri ilə vidalaşsaz da, CEV kubokunda mübarizəni davam etdirəcəksiz. Almaniya “Şverin”i ilə görüşlərdən gözləntiləriniz nədi?

- Almaniya klubuna qalib gəlmək niyyətindəyik. Çünki hədəfimiz bu turnirdə irəliləməkdi.

- Fransa çempionatını necə dəyərləndirərdiz? Yarışın müsbət və mənfi cəhətləri kimi nəyi fərqləndirərdiz?

- Burada çox yaxşı çempionat var. Yarışda komanda sayı çox olduğundan daha çox oyun keçiririk. Qarşılaşmanı izləyən azarkeşlərin sayı da yüksəkdi.

- Azərbaycan Super Liqası ilə Fransa çempionatını müqayisə etmək olarmı? Onların hansı nədə üstündü?

- Bu yarışlardan hərəsinin öz müsbət və mənfi cəhətləri var. Özüm üçün yeni çempionatda mövsümün əvvəlidi. Bu üzdən də çempionatı hələ tam yaxşı dəyərləndirə bilməyəcəm. Fikrimcə, çempionatları müqayisə etmək tezdi. Amma burada oynamaq xoşuma gəlir.

- Bəs özünüz necə, yeni şəraitə, yeni ölkəyə uyğunlaşa bilmisizmi?

- Mən bura kifayət qədər tez uyğunlaşdım. Komandamızda çox yaxşı kollektiv var ki, adaptasiya dövrünü geridə qoymaqda bunun da öz rolu oldu.

- Yeni komandanızda boş vaxtlarınızı necə keçirirsiz?

- Oyunlarımız çox olduğundan boş vaxtlarımız çox azdı. Amma istirahət günü olanda komanda yoldaşlarımla şəhərin mərkəzini gəzməyə gedirik. Ora çox gözəldi.

- Dil və mətbəxlə bağlı da hansısa problemlə üzləşmirsiz?

- Dillə bağlı heç bir problem yoxdu. Çünki ingilis dilində ünsiyyət qururuq. Fransa mətbəxi ilə bağlı da hansısa çətinliklə üzləşdiyimi də deyə bilmərəm.

- Gələn ay DÇ-2018-in püşkatma mərasimi keçiriləcək. Azərbaycan yığmasının hansı komandalarla düşməsini istəyərdiz?

- Bu barədə fikirləşməyə də o qədər ehtiyac yoxdu. Püşk bizə hansı komandaları rəqib edəcəksə, onlarla oynamalı olacağıq.

- Azərbaycanda birgə çıxış etdiyiniz voleybolçulardan kiminləsə əlaqə saxlayıb, nələrisə müzakirə edirsizmi?

- Bəli, bəzi qızlarla tez-tez danışırıq.