15 noyabr 2017 19:09
726

MOK-da Hacıbaba Əskərovun 100 illik yubileyi ilə bağlı tədbir keçirilib

Bu gün Milli Olimiya Komitəsində (MOK) Azərbaycan ağırlıqqaldırma növü üzrə tanınmış nümayəndələrdən biri, əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim Hacıbaba Əskərovun anadan olmasının 100 illik yubileyi ilə bağlı keçirilib.

“Report” xəbər verir ki, mərasimdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Ağacan Abiyev, MOK baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) vitse-prezidenti Azər Əliyev, gənclər və idman nazirinin müavini, AAAF-ın vitse-prezidenti İsmayıl İsmayılov, AAAF-ın vitse-prezidenti Ruslan Xanverdiyev, veteran və hazırda fəaliyyətlərini davam etdirən idmançılar, məşqçilər, hakimlər, idman ictimaiyyətinin digər nümayəndələri və mərhumun ailə üzvləri iştirak ediblər.

Ç.Hüseynzadə H.Əskərovun Azərbaycan idmanında özünəməxsus yeri olduğunu bildirərk, onun xidmətlərini xüsusi vurğulayıb, xatirəsinin daim yad olunduğunu diqqətə çatdırıb.

A.Əliyev federasiya adından yubilyarın kiçik qızı Gülarə Nərimanovaya H.Əskərovun xalça-portretini və xatirə hədiyyələri təqdim edib. Yubliyarın xatirəsinin bundan sonra da yad edilməsi üçün beynəlxalq və ya respublika səviyyəli ağırlıqqaldırma turnirinin təşkil edilməsi təklif olunub. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bu ideyanı müsbət qarşılayıb, yaxın vaxtlarda həyata keçiriləcəyinə inamını ifadə edib.

Tədbirin bütün iştirakçılarına MOK, AGİN və AAAF-ın birgə hazırladığı, H.Əskərovun həyatına həsr olunmuş “Dəmir iradəli insan” kitabı təqdim edilib.

Qeyd edək ki, Hacıbaba Məşədi Həsən oğlu Əskərov 1917-ci il sentyabrın 22-də Gəncədə anadan olub. O, ağırlıqqaldırma üzrə dəfələrlə Azərbaycan çempionu və rekordçusu olub. H.Əskərov 1947-ci ildən ömrünün sonuna kimi müxtəlif vəzifələrdə işləyib, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunda dərs deyib. O, idman sahəsi üzrə Azərbaycan dilində ilk dərsliyin (1963-cü il) müəllifidir. “Əmək veteranı” fəxri adına layiq görülən H.Əskərov “Əmək igidliyinə görə” medalı, SSRİ təhsil sistemindəki nailiyyətlərinə görə isə “İşdə əla nailiyyətlərə görə” döş nişanı ilə təltif edilib.

H.Əskərov1965-ci ildə ağır atletika üzrə beynəlxalq kateqoriyaya layiq görülən ilk azərbaycanlı hakim olub. O, 1988-ci ildə vəfat edib.