17 noyabr 2017 15:14
774

Bu gün Azərbaycan Premyer Liqasında XII tura start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start veriləcək. 

“Report” xəbər verir ki, ilk oyun günündə bir matç olacaq.

Ölkə çempionatında ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionu ilə “Azərsun Arena”da keçirən “Qarabağ” “Sumqayıt”ı yeni məkanda qəbul edəcək. İlk dəfə Bakı Olimpiya Stadionunda Premyer Liqa matçı baş tutacaq.

Hazırda 25 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşan Ağdam təmsilçisi ilk dövrədə rəqibini üstələməyi bacarıb. Düzdür, 16 xalla 4-cü sırada yer alan sumqayıtlılar IV tura təsadüf edən qarşılaşmanın ilk yarısını Bəxtiyar Həsənalızadənin qolu ilə öndə tamamlayıblar. Lakin “Qarabağ” fasilədən sonra 4 qol vuraraq, böyük hesablı qələbə qazanıb. Həmin dueldə Mahir Mədətov dubl etdiyi halda, Pedro Enrike və Riçard Almeyda hərəyə bir qol vurub.

Bu kollektivlər arasında ölkə çempionatlarında baş tutan əvvəlki 21 oyunun balansında da üstün tərəf meydan sahibləridir. Rəqibini 15 matçda üstələyən “Qarabağ” 4 görüşdən məğlub ayrılıb. Ardıcıl 7 qarşılaşmada rəqibini üstələyən Ağdam klubu son 5 matçda ən azı 2 qol vurub.

Azərbaycan Premyer Liqası

XII tur

17 noyabr (cümə)

 

18:30. “Qarabağ” – “Sumqayıt”

Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Cəmil Quliyev, Ömər Paşayev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Murad Məmmədov

Bakı Olimpiya Stadionu