17 noyabr 2017 18:05
953

“Əməkdar bədən tərbiyəsi və idman xadimi” ürəyindən əməliyyat olunub

2012-ci il London Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan sərbəst güləşçisi Toğrul Əsgərovun şəxsi məşqçisi Elçin Zeynalov əməliyyat olunub. Bu barədə “Report”a sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçisi Firdovsi Umudov məlumat verib.

O, bildirib ki, təcrübəli mütəxəssis noyabrın 16-da Mərkəzi Klinik Xəstəxanada ürək əməliyyatı keçirib. Baş məşqçinin sözlərinə görə, hazırda E.Zeynalovun vəziyyəti yaxşıdır: “Əməliyyatdan uğurlu keçib, vəziyyəti yaxşıdır. Gün ərzində bir neçə dəfə əlaqə saxlayıb, maraqlanıram. Elə indi oğlu ilə əlaqə saxladım. Hazırda reanimasiyada olsa da, həyatı üçün heç bir təhlükə yoxdur”.

Qeyd edək ki, Elçin Zeynalov Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2008-ci il Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı ilə tətlif olunub. 69 yaşlı mütəxəssis Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2012-ci il Sərəncamı ilə isə ölkədə güləş idman növünün inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeninə də layiq görülüb. O, SSRİ idman ustası və əməkdar məşqçidir.