“Neftçi”nin yeni transferi Soni Mustivar Topaz Premyer Liqanın 21-ci turunun “Səbail”lə oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, haitili yarımmüdafiəçi 2:0 hesabı ilə qalib gəldikləri qarşılaşma haqda fikirlərini açıqlayıb.
- Azərbaycan çempionatında ilk oyununuzu keçirdiniz. Təəssüratlarınızı bilmək maraqlı olardı...
- Fikrimcə, olduqca sürətli və gərgin çempionatdır. Elə oyunumuz da çox maraqlı alındı. İntensivlik yüksək idi.
- Bura gələnə qədər təxminən 2 ay futbol oynamamısınız. Meydanda hər hansı çətinlik yox idi?
- Sonuncu klubumla müqavilə müddəti bitmişdi. Ona görə 2 ay klubsuz qaldım. Daha sonra “Neftçi”nin nümayəndələri mənimlə əlaqə saxladılar və dedilər ki, belə bir variant var. Araşdırdım, gördüm ki, yaxşı, tarixi zəngin olan komandadır. Sonda razılıq verdim.
- “Qarabağ”da həmvətəniniz Donald Gerye çıxış edir. “Neftçi”dən təklif alanda onunla məsləhətləşdiniz?
- Əlbəttə, onunla danışdım. Bundan sonra bildim ki, Bakıda həyat necədir. Çempionat haqda da bəzi şeyləri soruşdum. Bildirdi ki, Premyer Liqanın səviyyəsi yaxşıdır. Əsas bunları danışdıq.
- Oyuna daxil olduqdan dərhal sonra qol vurmaq üçün əla fürsət yaxaladınız. Amma zərbə kuryoz alındı. Deyəsən, həyəcanlandınız...
- Topu bilərəkdən buraxmadım. Yaxşı epizod idi. Topun trayektoriyasını düz hesablamadım. Həyəcanla heç bir əlaqəsi yoxdur. Topa zərbə endirə bilməsəm də, yaxşı ötürmə alındı.