Bir kubok, bir vəsiqə, dörd “adaxlı”

11 aprel 2018 20:23
1073

Sabah Azərbaycan kubokunda 1/2  final mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, mərhələnin ilk oyunları çərçivəsində iki qarşılaşma baş tutacaq.

Günün ilk matçı Bakıda baş tutacaq. Çempionatda heç bir iddiası qalmayan, daha çox Premyer Liqadakı yerini qorumağa çalışan “Keşlə” öz meydanında “Sumqayıt”ı qəbul edəcək.

Mövsümün ikinci yarısında oyununda canlanma yaranan rəqiblərin “İnter Arena”dakı qarşılaşması Yuri Maksimovun “Keşlə”ylə Azərbaycan kubokunda debütü olacaq. Bunadək komandasını yalnız çempionat matçına çıxaran ukraynalı paytaxt təmsilçisini öncə finala, ardınca avrokuboklara daşımağa çalışacaq.

2018-ci ildə məğlub olmayan “Sumqayıt” tarixində ilk dəfə yüksəldiyi yarımfinalı elə birinci cəhddən keçməyə köklənib. Son illərdə ölkədəki bütün titulları qazanan “Qarabağ”ı mübarizədən kənarlaşdıran Samir Abasovun yetirmələri Sumqayıt tarixinin ilk titulunu qazanmaq arzusundadı.

İlk oyunlara Qəbələdə yekun vurulacaq. Eyniadlı komanda “Neftçi”ni sınağa çəkəcək. Həm çempionat, həm kubokda qitə miqyaslı turnirlərə vəsiqəyə iddialı komandaların dueli böyük maraq kəsb edir.

Tərəflər bu matça fərqli durumda çıxacaq. Tərlan Əhmədovun yetirmələri qış fasiləsindən sonra yüksəlişdədisə, “qırmızı-qaralar” enişdədi. Roman Qriqorçukun yetirmələri tarixinin ilk tituluna doğru addım atmaq, ardıcıl ikinci finalına yüksəlmək üçün “ağ-qaralar”ı keçməlidi.

Azərbaycanın ən titullu komandası olan “Neftçi” azarkeşlərinə növbəti uğurla sevindirmək əzmindədi. Bakılılar 4 il öncə finalda, 2 il əvvəl isə yarımfinalda rəqibini məğlub edib. Düzdü, bütün görüşlərin 1:1 hesabı ilə nəticələndiyi duellərin ikisinin taleyi penaltilər seriyasında müəyyənləşib.

Qeyd edək ki, cavab oyunları aprelin 18-də keçiriləcək.

Azərbaycan kuboku

1/2 final mərhələsi, ilk oyunlar
12 aprel (cümə axşamı)


16:00. “Keşlə” – “Sumqayıt”
“İnter Arena”

18:00. “Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu