19 may 2017 19:43
433

“Zəfər günləri”: Qalib idmançılara hədiyyələr verilib

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında ötən gün keçirilən yarışların qalib və mükafatçıları olan idmançılarımızın şərəfinə Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) tərəfindən təşkil olunan “Zəfər günləri” adlı xüsusi tədbir davam edir.

AZƏRTAC xəbər verir ki, mayın 19-da IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizin atletlərini dəstəkləyən, onların qazandıqları uğurlara sevinən, qaliblərlə görüşmək istəyən və “Bakı-2017” kimi tarixi hadisənin şahidi olmağa can atan insanlar MOK-un inzibati binasına toplaşıblar.

Tədbirdə məlumat verilib ki, mayın 18-də idmançılarımız 9 qızıl, 4 gümüş, 4 bürünc medal qazanaraq ölkəmizin idman tarixinə daha bir parlaq səhifə yazıblar. Bununla da İslamiadada Azərbaycan idmançılarının qazandıqları medalların ümumi sayı 116-ya çatıb. Bu, Azərbaycanın idman ölkəsi olduğunu bir daha sübut edən həqiqətdir.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə deyib ki, dünənki yarışlarda güləşçilərimiz və boksçularımız daha çox medal qazanıblar. “Xüsusilə Azərbaycanın qızlardan ibarət voleybol komandası möhtəşəm qələbəsi ilə xalqımızı sevindirdi. Biz bu qələbəni gözləyirdik”, - deyə MOK-un vitse-prezidenti bildirib. Oyunların başa çatmasına üç gün qaldığını və İslamiadanın sonuna doğru daha gərgin idman mübarizəsinin aparılacağını vurğulayan Ç.Hüseynzadə “Zəfər günləri”nin davamlı olacağına və azarkeşlərin hər gün MOK-da qələbə qazanan idmançılarımızı alqışlayacaqlarına inamını ifadə edib.

Sonra Azərbaycana qələbə sevinci yaşadan idmançılarımıza MOK-un xüsusi hədiyyələri təqdim olunub.

Medalçılar xüsusi quraşdırılmış stendə öz ürək sözlərini yazıblar.

MOK-un mayın 14-dən start verdiyi “Zəfər günləri” ayın 23-də başa çatacaq.