22 may 2017 21:28
1004

Mahir Mədətov: “İslamiadanın finalı mənim günüm idi”

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan Azərbaycanının 23 yaşadək futbolçulardan ibarət milli komandasının hücumçusu Mahir Mədətov jurnalistlərin suallarını cavablandırıb. “Report” həmin müsahibəni təqdim edir...

- Baş məşqçi Yaşar Vahabzadə “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında qrupdan çıxmağın da Azərbaycan yığması üçün uğur olacağını demişdi. Siz necə düşünürdünüz?

- Həqiqətən də ilk hədəf qrupdan çıxmaq idi. Səmimi deyirəm, çempion olacağımızı düşünümürdüm. Lakin qələbəyə layiq idik. Çox əziyyət çəkdik.

- Finalda iki qol vurduğunuz üçün özünüzü qəhrəman sayırsınız?

- Qapıçımız Şahrudin Məhəmmədəliyevi qəhrəman hesab edirəm. Müdafiə xəttini də qeyd edərdim. İlk 4 matçda qol buraxmadıq, yalnız finalda Oman vura bildi. Açığı, rəqib futbolçu yaxşı zərbə endirdi. Qolları vurdum, yəqin ki, mənim günüm idi. Lakin uşaqların hamısı əziyyət çəkdi. Ümumilikdə isə Şahrudini fərqləndirərdim.

- Omanla matçı karyeranızın ən yaxşı oyunu saymaq olar?

- Bəlkə də olar.

- Qapıya vurduğunuz 3-cü zərbə tirdən qayıtdı. Həmin zərbəni vurduğun iki qoldan yaxşı hesab etmək olar?

- O an bu gecə yatmağıma imkan verməyib. İndi də həmin epziodu düşünürəm. Qismət belə imiş.

- Alacağınızın mükafatın məbləği açıqlanıb?

- Bu barədə heç nə deyilməyib.

- “Qarabağ” Çempionlar Liqasının (ÇL) qrup mərhələsinə vəsiqə qazanarsa, bu, sizin üçün daha böyük nailiyyət olacaq?

- Son dəfə ilk çempionluğumda bu qədər sevinmişdim. Yəqin ki, ÇL-in qrupuna düşsək, indikindən daha çox sevinərəm.

- Sizin bu yerlərə gəlməyinizdə kimin daha çox əməyi olub: “Bakı” klubunun, yoxsa “Qarabağ”ın?

- Yetişməyimdə pay sahibi “Bakı”dır. Lakin istedadımı açmaqda mənə köməklik göstərən şəxs Qurban Qurbanovdur. Onun rolu böyükdür. Başqa klubda olsaydım, bunları edə bilməzdim. Cinah yarımmüdafiəçisi idim, lakin Qurban müəllim məni mərkəz hücumçusu kimi oynatdı.