23 may 2017 23:41
1715

“Zəfər günləri”nə yekun vuruldu

Mayın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında “Bakı- 2017” IV İslam Həmrəyliyi Oyunlarında medal qazanmış Azərbaycan idmançıları ilə “Zəfər günləri” layihəsi çərçivəsində sonuncu görüş keçirildi.

Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev və media nümayəndələri iştirak edirdilər.

Əvvəlcə IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə həsr olunan videoçarx nümayiş etdirildi.

Tədbirdə möhtəşəm idman bayramının Azərbaycanda yüksək səviyyədə keçirilməsinə görə dövlətimizin başçısı, MOK-un prezidenti İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevaya minnətdarlıq ifadə olundu.

Tədbirdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə medal qazanan idmançılarımızı təbrik edərək söylədi ki, bu gün biz sonuncu “Zəfər günləri”ndə iştirak edirik: “Bu, bizim İslamiadada sonuncu zəfər günümüzdür. Ancaq bizim zəfərlərimiz irəlidədir və hələ çox qələbələr qazanacağıq. Oyunlara möhtəşəm bağlanış mərasimi ilə yekun vuruldu. Həm açılış, həm də bağlanış mərasimlərini bütün dünya heyranlıqla izlədi. Azərbaycan idmançıları möhtəşəm uğurlar qazandılar. Azərbaycan medalların əyarına görə “Bakı- 2017” IV İslam Həmrəyliyi Oyunlarının qalibi oldu. Bu böyük qələbə münasibətilə xalqımızı, idmançıları, onların məşqçilərini və bütün idmansevərləri təbrik edirəm. Həmçinin sevinc və qürur hissi keçirirəm ki, idmançılarımız “Bakı-2017”də komanda yarışlarında da medallar qazana bildilər”.

Daha sonra İslamiadanın son yarış günündə medal qazanan 8 idmançımız mükafatlandırıldı. Atletlərimiz xüsusi hazırlanmış şərəf lövhəsinə imza atdılar.

Tədbirdə incəsənət ustalarının konsert proqramı təqdim edildi.

Qeyd edək ki, mayın 22-də  uşu üzrə yarışlarda Elçin Eminov (56 kq), Bayram Şəmmədov (65 kq), Vüqar Kərəmov (70 kq) gümüş, Orxan Hətəmov (48 kq), Ruslan Pirəliyev (60 kq) və Pərviz Abdullayev (75 kq) bürünc medal qazanıblar. Eyni zamanda stolüstü tennis üzrə qadınlardan ibarət yığma komandamız gümüş, kişilərdən ibarət yığma komandamız isə bürünc medala sahib olub.

Cavid Əkbərov, “İki sahil”