24 may 2017 23:18
1655

Müsəlman aləminin birlik nümayişi

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməklə İslam dünyasındakı aparıcı rolunu bir daha nümayiş etdirmiş oldu. IV İslam Həmrəyliyi Oyunlarının qalib idmançıları, onların məşqçiləri və idman ictimaiyyətinin nümayəndələri ilə keçirilən görüşdə isə Prezident İlham Əliyev “Bakı-2017”nin əsas mahiyyət və məqsədlərini bir daha bəyan etdi.

İqtisadi, siyasi sahələrdə, beynəlxalq münasibətlər sahəsində bəzən birinciliyi müəyyən etmək üçün bəzi qurumların, təşkilatların çətinlik çəkdiyini bildirən dövlətimizin başçısı  bunun üçün  müəyyən meyarların gərəkliliyini  qeyd etməklə yanaşı, bu Oyunların, eyni zamanda, İslam həmrəyliyini gücləndirəcəyini vurğuladı: “Mən Oyunlar ərəfəsində demişdim, bizim əsas məqsədimiz ondan ibarətdir ki, müsəlman ölkələrini təmsil edən idmançılar, qonaqlar Bakıda bir yerdə olsunlar, bir-biri ilə tanış olsunlar, bir-birinin əlini sıxsınlar və dostluq, əməkdaşlıq güclənsin. Belə də oldu. Biz bunu yarışlarda gördük ki, bəzi hallarda siyasi cəhətdən bir-biri ilə o qədər də yaxın münasibətləri olmayan ölkələrin nümayəndələri bir-birini təbrik edir, bir-birinin uğuruna sevinir, bir-birinin əlini sıxırlar.”

Prezident İlham Əliyev əminliklə bildirdi ki, IV İslam Həmrəyliyi Oyunlarının  tarixi əhəmiyyəti məhz bundan ibarətdir. Bu gün dünyada islamofobiyanın geniş vüsət alması fonunda bu dinə sitayiş edənləri birliyə, həmrəyliyə dəvət edən böyük idman tədbirinə ev sahibliyi edən Azərbaycanın fədakar addımı sözsüz ki, sülhə, əmin-amanlığa xidmət edir, onun bəşəri dəyərlərə münasibətini bir daha ortaya qoyur.

Bununla da Azərbaycan həyata keçirdiyi siyasətə idman vasitəsilə əlavə töhfə verməklə İslam aləmində birliyi, həmrəyliyi gücləndirməyə, müsəlman ölkələri arasındakı bəzi ixtilaflara, müharibələrə son qoyulmasına xidmət etdiyini nümayiş etdirir. “Müsəlman aləmi birlik nümayiş etdirməlidir. Ancaq bu təqdirdə xalqlarımız gələcəkdə rahat və firavan yaşaya bilərlər. Ona görə, bizim apardığımız siyasət və bu Oyunlarda verdiyimiz töhfə əminəm ki, müsəlman aləminin birləşməsinə gətirib çıxaracaq”,  deyə  bəyan edən Prezident İlham Əliyev  Azərbaycanın müsəlman aləmini Qərb aləmi ilə birləşdirən ölkə olduğunu bildirdi.

Son iki il ərzində 100-dən çox ölkənin iştirak etdiyi Avropa və İslam Oyunlarını uğurla keçirən Azərbaycanın bu möhtəşəm nailiyyəti isə dünyada bir ilkdir. Heç bir başqa ölkənin bu nailiyyətlə öyünə bilməyəcəyini vurğulayan ölkə başçısı bu üstünlüyü böyük fəxr hissi ilə qeyd etdi: “Haqlı olaraq fəxr edirik ki, biz bunu edə bilmişik. Ölkəmiz həm Qərb dünyasında, həm müsəlman aləmində etibarlı tərəfdaş, dost və qüdrətli dövlət kimi tanınır.”

Bu baxımdan  İslam dünyasının mərkəzi olan Səudiyyə Ərəbistanı, ən çox müsəlman əhalinin yaşadığı İndoneziyadan sonra  İslam Həmrəyliyi Oyunlarına ev sahibliyinin  Azərbaycana həvalə edilməsi ümumilikdə İslam dünyasının ölkəmizə inamının təzahürü kimi qiymətləndirmək olar. Bunun əsasında isə digər təşkilati amillərlə yanaşı, ölkənin iqtisadi vəziyyəti də mühüm rol oynayır. 

Böyük əminliklə deyə bilərik ki, bütün bunların arxasında dayanan qüvvə Azərbaycan xalqının öz milli, dini dəyərlərinə sadiqliyi, onları qorumaq hissləridir. Bununla da dünyaya açıqlıq və müasirliyin təcəssümü fonunda “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarını ev sahibliyi etməklə bütün dünyaya  İslam dininin mütərəqqiliyini göstərməklə onun elm, mədəniyyət, sülh, mərhəmət dini olduğunu bir daha nümayiş etdirdi.

Dünyaya göstərilənlər isə təkcə İslam dini deyil, həmçinin onun bir hissəsi olan  Azərbaycanın zəngin, qədim tarixi, mədəniyyətidir. Nəticə etibarilə dünyaya nümayiş etdirilənlər Azərbaycanı mütərəqqi, müasir ölkə kimi təqdim edir. Bu nadir vəhdət isə ölkəmizi dünya miqyasında əvəzolunmaz ölkəyə çevirir. Milli, dini dəyərlərimizə sadiqlik bu statusumuzun hələ çox əsrlər yaşayacağı deməkdir.  

Ceyhun Piriyev, “İki sahil”