14 iyul 2017 18:27
2087

Mahir Ünal: Türkiyə xalqı 15 iyulda seçdiyi hökumətə, parlamentə sahib çıxdı

Türkiyə xalqı 15 iyulda seçdiyi hökumətə və parlamentə sahib çıxdı.

AZƏRTAC xəbər verir ki, bunu 15 İyul - Demokratiya və Milli Birlik Günü ərəfəsində iyulun 14-də Ankarada Türkiyə Nazirlər Kabinetinin Mətbuat və İnformasiya Baş İdarəsində (BYEGM) əcnəbi media nümayəndələri ilə keçirilən görüşdə Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Mahir Ünal deyib.

O bildirib ki, qırx ildən çoxdur fəaliyyət göstərən Fəthullah Gülən terror təşkilatı (FETÖ) 2013-cü ildən sonra Türkiyədə paralel dövlət quruluşu yaratmağa çalışdı. Ötən il iyulun 15-də isə FETÖ ABŞ-dakı rəhbəri Fəthullah Gülənin əmri ilə Türkiyədə dövlət çevrilişinə cəhd göstərdi. Lakin 15 iyulda xalqımız seçdiyi hökumətə və parlamentə sahib çıxdı. Həmin gecə üzərinə atəş açılan xalqımız böyük qəhrəmanlıq göstərdi. Millətimiz azadlığı, demokratiya və gələcəyi üçün meydanlarda toplaşdı. Bu yolda şəhid olanlar, yaralananlar oldu. Bu çevriliş cəhdi bütün insanlıq üçün böyük təhlükə idi.

“Bu gün Türkiyə dörd terror təşkilatı ilə mübarizə aparır. Ona görə də ölkədə fövqəladə vəziyyət davam edir. Bunun Qərb ölkələri tərəfindən qəbul edilməməsi başa düşülən deyil”, - deyə M.Ünal əlavə edib.