15 avqust 2017 19:55
2392

Çingiz Hüseynzadə: Ramil Quliyevə qaçmağı biz öyrətmişik

"Ramil Quliyev dedi ki, Bakıda şərait yoxdur. Biz onun "Fənərbağça"ya gedişinə şərait yaratdıq. Lakin bunu nədənsə heç yerdə demir. Onun keçidi üçün nə Azərbaycan Atletika Federasiyası, nə də "Neftçi" pul istəmədi. Onlar verirdilər". 

"Report"un məlumatına görə, bunu Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə Türkiyə yığmasının heyətində 200 metr məsafəyə qaçış üzrə dünya çempionu olan Ramil Quliyevin Azərbaycanı tərk etməsinə münasibət bildirərkən deyib.

Ç.Hüseynzadə deyib ki, R.Quliyev 6 il əvvəl fərarilik edib: "O, Bakıya ölkə çempionatında çıxış etməyə gəlirdi. Biz bir il sonra xəbər tutduq ki, Ramil Türkiyə vətəndaşlığını qəbul edib. Həmin vaxt onun keçidinə rahatlıqla icazə versəydik, bizə qınayacağıqlar ki, niyə buraxdınız. Mənim Quliyevlə bağlı problemim yoxdur. O, 6 il əvvəl fərarilik edib. Bunu bir də deyirəm. Lakin onun indi qazandığı uğura dəxli yoxdur. Ramil indi qəhrəmandır. Ona qaçmağı biz öyrətmişik. Tofiq Əliyevin yetirməsidir. Lakin heç yerdə bu adamın adını çəkmir. Bu, artıq mənəvi məsələdir. O, bir çox şeyləri demir".

Milli Olimpiya Komitəsinin vitse-prezidenti R.Quliyevin Azərbaycana dönməsinin real olmadığını söyləyib:

"Quliyev artıq Azərbaycana qayıda bilməz. O, Türkiyə vətəndaşlığından imtina etməyəcək. Həm də Türkiyə Atletika Federasiyası buna imkan verməz. Bəlkələrlə danışmayaq, "bəlkəni" əkiblər, bitməyib. Özünüz araşdırın. Ramil Rusiyaya getmək istəyirdi, Türkiyə haqda heç düşünmürdü də. Niyə Rusiyaya getmədi? Rusiya Atletika Federasiyasının prezidenti mənə zəng etdi ki, sizdən bir nəfə bizə müraciət edib, lakin biz münasibətləri korlamaq istəmirik. Biz Ramil inkişaf etsin deyə, Türkiyəyə getməyə şərait yaratdıq".

Qeyd edək ki, Ramil Quliyev 2011-ci ilin aprelində Türkiyə vətəndaşlığını qəbul edib. O, Böyük Britaniyanın paytaxtı Londonda 200 metr məsafəyə qaçışda dünya çempionu tituluna sahib çıxana qədər 200 metr məsafəyə qaçış üzrə 2009-cu il Universiadasının və "Brilliant Liqa"nın 2017-ci il Paris mərhələsinin qalibi, 2015-ci il Universiadasının və 2016-cı il Avropa çempionatının bürünc mükafatçısı olub. R.Quliyev 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirak edib, 100 metr məsafəyə qaçışda 9,97 saniyə, 200 metr məsafəyə qaçışda isə 19,88 saniyə nəticələrlə şəxsi rekordlara imza atıb.