25 oktyabr 2017 15:06
3266

MOK-un vitse-prezidenti İsraildə Avropa Ədalətli Oyunlar Hərəkatının 23-cü konqresində iştirak edir

Oktyabrın 24-də İsrailin Hayfa şəhərində Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) 23-cü konqresinə start verilib.

AZƏRTAC xəbər verir ki, konqresdə ölkəmizi Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri Xəzər İsayev təmsil edir.

Tədbirin keçirilməsində məqsəd idmanda və ümumiyyətlə, cəmiyyətdə ümumbəşəri dəyərlərin, etik normaların qorunması istiqamətində maarifləndirici işlərin aparılması, idman yarışları zamanı müxtəlif təsirlər altında meydana gələn neqativ hallara qarşı mübarizənin gücləndirilməsi yollarının araşdırılmasına idman mütəxəssislərini və əlaqədar şəxsləri cəlb etmək və müsbət nümunələri dəyərləndirərək cəmiyyətə çatdırmaqdır.

“İdman barışıq vasitəsidir” mövzusuna həsr olunan konqresdə idman mütəxəssislərinin məruzələri dinləniləcək.

Tədbirin açılış mərasimində MOK-un vitse-prezidenti Xəzər İsayev Hayfa şəhərinin meri Yona Yahava Azərbaycan Milli Olimpiya Komitəsinin xatirə hədiyyəsini təqdim edib. AzƏOK sədri Azərbaycan dövləti tərəfindən Ədalətli Oyunlar Hərəkatının inkişafına verilən dəstək, bu sahədə görülən işlər barədə məlumat verib. O, Avropa qurumu ilə əlaqələrin gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini bildirib.

Konqresə oktyabrın 26-da yekun vurulacaq.