04 iyul 2018 19:42
1301

Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu Füzuli rayonunun Alxanlı kəndində olub

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən nazirliyin bir qrup hərbi qulluqçusu Füzuli rayonunun Alxanlı kəndinə gələrək bir il əvvəl Ermənistan ordusunun təxribatının qurbanı olan iki yaşlı Zəhra Quliyevanın və onun nənəsinin məzarını ziyarət ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani baş vermiş faciəni xatırladaraq bildirib ki, erməni daşnakları zaman-zaman xalqımıza qarşı təcavüz edib, günahsız insanları hətta qocaları, qadınları, körpələri qətlə yetiriblər. Ötən əsrin əvvəllərində də belə olub, bu gün də ermənilər öz məkrli niyyətlərindən əl çəkmirlər. Xocalıda və digər rayonlarda ermənilərin dinc əhaliyə, xüsusilə günahsız uşaqlara divan tutması, onların işgəncələrlə qətlə yetirilməsinə olan etirazlar bir çox beynəlxalq təşkilatlar tərəfindən cavabsız qaldığına görə düşmən yenə də bu iyrənc niyyətlərini davam etdirir. Məsum Zəhranın ölümü bütün xalqımız kimi Azərbaycan Ordusunun şəxsi heyətinin də böyük hiddətinə səbəb olub və nənə ilə nəvənin intiqamı artıqlaması ilə düşməndən alınıb.

Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev nazirliyin rəhbərliyi adından körpə şəhidlə nənəsinin həlak olması ilə əlaqədar bir daha onların ailəsinə başsağlığı verərək səbir və dözüm arzulayıb.

İdarə rəisi qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüz tezliklə bərpa ediləcək, qaçqınlarımız, köçkünlərimiz minillik dədə-baba torpaqlarına qayıdacaq və bütün şəhidlərimizin, eləcə də məsum Zəhranın ruhu şad olacaq.

Hərbi qulluqçulardan polkovnik Elşad Əbilov, Alxanlı kənd icra nümayəndəsi İlham İsrafilov və başqaları çıxış edərək tezliklə şəhidlərimizin qisasının alınacağına dair əminliklərini bildiriblər.

Salman baba nəvəsinə və ömür-gün yoldaşına göstərilən daimi ehtiram və qayğıya görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.