05 iyul 2018 18:59
1450

Mehdi Hüseynzadə uğurlu kəşfiyyat əməliyyatları və misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanıb

Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin iyunun 23-də imzaladığı Sərəncamın icrası ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin təşkilatçılığı ilə cəsur kəşfiyyatçının 100 illik yubileyi münasibətilə keçirilən tədbir də bu qəbildəndir.

Mərkəzi Zabitlər Evi kollektivinin, hərbi qulluqçuların, QHT və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Sonra qəhrəmanın şərəfli həyat yolu haqqında ətraflı məlumat verilib. Vurğulanıb ki, Mehdi Hüseynzadə çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanıb. O, Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazıb. Yüksək əxlaqi keyfiyyətlərə malik cəsur kəşfiyyatçının rəşadət dolu şərəfli həyat yolu bu gün Vətənimizi layiqincə qoruyan və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan mətin Azərbaycan əsgəri üçün parlaq qəhrəmanlıq nümunəsidir.

Çıxış edənlər Azərbaycan dövlətinin Mehdi Hüseynzadənin xatirəsinə dərin ehtiram göstərdiyini xüsusi vurğulayıblar.