13 iyul 2018 22:11
1472

“Dəniz Kuboku-2018” müsabiqəsinin təşkilat komitəsinin görüşü keçirilib

İyulun 13-də Hərbi Dəniz Qüvvələrinin (HDQ) qərargahında Beynəlxalq Ordu Oyunları çərçivəsində Bakıda keçiriləcək “Dəniz Kuboku-2018” müsabiqəsinə hazırlıq üzrə təşkilat komitəsinin növbəti görüşü olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi dənizçilər arasında yarışların yüksək səviyyədə keçirilməsi məqsədilə müdafiə nazirinin əmrinə əsasən yaradılmış təşkilat komitəsinin üzvləri gəmilərin və dəniz infrastrukturunun hazırlığı ilə bağlı məsələləri müzakirə edib və aidiyyəti üzrə tapşırıqlar verilib.

Cari ilin iyulun 31-dən avqustun 10-dək Xəzər dənizinin ölkəmizə aid ərazi sularında keçiriləcək “Dəniz Kuboku-2018” müsabiqəsində Azərbaycan, Rusiya, Qazaxıstan və İran hərbi dənizçilərinin iştirakı planlaşdırılır.