14 iyul 2018 14:59
1905

Sərhədçilər narkotranzitin qarşısını almaq istiqamətində mühüm tədbirlər həyata keçiriblər

Narkotik maddələrin gənc nəsillər arasında yayılması təhlükəsini nəzərə alaraq, bir çox ölkələr «Narkotiksiz gələcək naminə» milli proqramlar qəbul ediblər. Buraya təhsil ocaqlarında, hüquq mühafizə orqanlarında, təşkilatlarda narkomaniyanın ziyanı haqqında maarifləndirilmə kampaniyaları daxildir. Bu kampaniyalar kütləvi informasiya vasitələri, o cümlədən internet şəbəkəsi vasitəsilə aparılır.

Həmçinin BMT hər ilin 26 iyun tarixini «Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü» elan etmişdir.

Narkomaniya «ağ ölüm»dür, həyatdan üz çevirməkdir. «Narkomaniya» və  «ölüm» sözləri bu gün insanların təsəvvüründə sinonim sözlərə çevrilib. Müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılmışdır. Narkotik maddə alverçiləri uşaqların çox olduğu yerlərdə peyda olur, onlara həmin məhsulları təklif edirlər. Pul qazanmaq naminə onlar insanları, xüsusilə uşaqları ölümə aparan bu pis vərdişə alışdırırlar.

Narkotik maddələr müxtəlif çeşidlidir. Daha çox yayılanları isə xaş-xaş, tiryək, marixuana, heroin, kokain və sairdir. Son illər kimyəvi laboratoriyalarda hazırlanan yeni sintetik narkotik maddələr meydana gəlmişdir.

Bunlar xüsusilə təhlükəlidir, çünki birinci dəfədən adamı özünə alışdıra bilir. Narkotiklərdən asılılıq ağır xəstəliyə - narkomaniyaya gətirib çıxarır. Narkotik maddələr insan sağlamlığına bərpaedilməz ziyan vurur, fiziki qüvvələri tükəndirir, bədənin çəkisi birdən-birə azalır, ümumi zəhərlənmə baş verir.

Narkomaniya keçici xəstəliklərin sürətlə yayılmasına səbəb olur. Narkotik maddələrin bir çoxu şprislə qana ötürüldüyündən və narkoman qrupları daxilində eyni şprisdən istifadə edildiyindən narkomanlar arasında QİÇS və başqa xəstəliklərə tutulmuş insanlar çoxdur. Narkotik maddə alverçiləri heroin və kokaini yuyucu toz və ya şəkər tozu qatıb satırlar, ona görə də narkomanda şəkər diabeti tez inkişaf edir.

Bu gün də narkotiklərin qanunsuz dövriyyəsi və narkomaniya dünyanı narahat edən ən təhlükəli problemlərdən biri olaraq qalır. Bu problemlərlə mübarizədə yeganə yol sağlam həyat tərzinin təbliğ olunması və maarifləndirmənin gücləndirilməsidir. Eyni zamanda narkotik tranzitinin qarşısının uğurla alınması da çox mühüm mübarizə vasitəsidir ki, bu istiqamətdə də Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları əhəmiyyətli işlər həyata keçiriblər.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 saylı  Sərəncamı ilə təsdiq edilmiş «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013- 2018-ci illər Dövlət Prqramı»nın icrası ilə bağlı 2018- ilin 6 ayı ərzində dövlət sərhəddində 78201, 728 qram narkotik (22272, 921 qram heroin, 16991,181 qram tiryək, 28706,27 qram həşiş, 9775,807 qram marixuana, 455, 549 qram metamfetamin) 67, 055 qram psixotrovasitə qanunsuz dövriyyədən çıxarılmışdır.

Bu narkotik maddələrin dövlət sərhədindən keçirilməsinə cəhd etmiş 15 nəfər  Azərbaycan Respublikası və 3 nəfər İran İslam Respublikası vətəndaşı saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunmuşlar. Cari ildə Yardımlı rayonunda sərhədyanı ərazidə yabanı bitən 8420 kiloqram xaş-xaş, Balakən, Ağstafa, Astara, Zaqatala rayonlarının sərhədlərinə yaxın ərazilərdə  6756, 6 kiloqram çətənə kolları yerli polis və bələdiyyə orqanlarının nümayəndələrinin iştirakı ilə məhv edilmişdir.  

Firuz Şirin-zadə,

DSX-nın Baş İdarə rəisi