04 oktyabr 2018 15:59
2081

DSX: Xəzər dənizinin Azərbaycana aid hissəsində iki kiloqramdan çox heroin tutulub

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən etibarlı sərhəd mühafizəsinin təmin olunması sahəsində tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 28-də DSX Sahil Mühafizəsinin texniki müşahidə məntəqələri tərəfindən Astara rayonunun Şahağacı kəndi istiqamətində naməlum üzmə vasitəsi aşkar olunub və onun hərəkəti nəzarətdə saxlanılıb. DSX Sahil Mühafizəsinin həmin istiqamətdə xidmət aparan sərhəd gözətçi gəmisinə göstərilən əraziyə doğru hərəkət etməsi tapşırığı verilib. Eyni zamanda, Astara və Lənkəran rayonları üzrə sahilboyu həssas nöqtələr nəzarətə götürülüb.

Aşkar olunmuş üzmə vasitəsi qısa müddətdə Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsini tərk edib. Həmin üzmə vasitəsinin ərazi sularımızdakı hərəkət trayektoriyası və koordinatları əməliyyat müşahidəsinə götürülüb. Sentyabrın 30-da 2 nəfər heyət üzvü ilə rejim sularına çıxmış “KƏ-226” bort nömrəli “Mariner-75” mühərrikli taxta qayığın həmin koordinatlara yaxınlaşması müəyyən edilib. Həmin qayıq sahilə yan alarkən sərhədçilərə tabesizlik göstərərək dənizdə sahildən 200 metr məsafədə manevrlər edib, hərəkət zamanı qayıqdan 2 bağlama suya tullanılıb.

Qayığın heyət üzvləri – Astara rayon sakinləri 1977-ci il təvəllüdlü Şabanov Ramin Naib oğlu və 1995-ci il təvəllüdlü Əlizadə Niyaz Rufulla oğlu saxlanılıblar. Qayığın manevr etdiyi koordinatlara baxış keçirilib və dənizə onlar tərəfindən atılmış 2 ədəd bağlama aşkar olunaraq götürülüb. Baxış zamanı bağlamalarda ümumi çəkisi 2 kiloqram 200 qram olan heroin olması müəyyənləşib.

İlkin araşdırma zamanı saxlanılan şəxslər həmin narkotik vasitələrin onlar tərəfindən götürülməsini və sahilə çıxarkən sərhədçilərin keçirdiyi yoxlama zamanı ifşa olunacaqlarından ehtiyat etdikləri üçün dənizə tullamalarını etiraf ediblər.

Fakt üzrə zəruri əməliyyat və istintaq tədbirləri davam etdirilir.