09 oktyabr 2018 20:12
2435

Milli Ordumuzun ilk hərbi hissəsinin yaradılmasının 27-ci ildönümü qeyd edilib

Oktyabrın 9-u Milli Ordumuzun müasir hərb tarixinə şərəfli səhifələr yazan 701 saylı ilk hərbi hissənin yaradıldığı gündür.

AZƏRTAC xəbər verir ki, hərbi hissənin təsis edilməsinin 27-ci ildönümü münasibətilə 701 saylı hərbi hissənin müharibə veteranları şurasının üzvləri, hərbi hissənin keçmiş döyüşçüləri, veteranlar oktyabrın 9-da Şəhidlər xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında keçirilən tədbirdə 701 saylı hərbi hissənin sabiq komandiri, hərbi hissənin müharibə veteranları şurasının sədri, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə 701 saylı hərbi hissənin yaranma tarixindən, keçdiyi şanlı döyüş yolundan danışıb. Bildirib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə formalaşan ilk hərbi birləşmə - 701 saylı hərbi hissə 1991-ci il oktyabrın 9-da Şıx qəsəbəsində sovet ordusuna məxsus 18110 saylı hərbi hissənin əsasında yaradılıb və Qarabağda döyüşlərə başlayıb. Hərbi hissənin əsas özəyini vaxtilə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunları təşkil edib. Sonralar müdafiə nazirinin əmri ilə 18110 saylı hərbi hissə 701 saylı briqada adlandırılıb. Briqada Şuşa rayonunun kəndlərinin, Ağdərənin, Kərkicahanın, Tərtərin, Xocalının, Kəlbəcərin müdafiəsi uğrunda döyüşlərdə, Daşaltı əməliyyatında, Füzuli və Murovdağ istiqamətindəki hücum əməliyyatlarında iştirak edib. Briqada Laçın və Kəlbəcər rayonlarında gedən ağır döyüşlərdə itkilər verməsinə baxmayaraq, yüksək əzmkarlıq, qəhrəmanlıq və rəşadət göstərib. Ümumiyyətlə, briqada Qarabağ müharibəsində ən gərgin nöqtələrdə vuruşaraq düşmənə qarşı igidliklə mübarizə aparıb.

Diqqətə çatdırılıb ki, briqada Laçın və Kəlbəcər rayonlarının müdafiəsi zamanı dağlıq ərazilərdə döyüşlər apararaq iki ay müvəffəqiyyətlə müdafiə olunub, dinc sakinlərin təxliyəsinə şərait yaradıb.

Qeyd edilib ki, çoxlu sayda şəhid verən briqadanın şəxsi heyəti müxtəlif fəxri adlar və mükafatlarla təltif olunub. Belə ki, 4 nəfər “Azərbaycan Milli Qəhrəmanı” adına, 11 nəfər “Azərbaycan Bayrağı” ordeninə, 18 nəfər isə “İgidliyə görə” medallarına layiq görülüb.

701 saylı hərbi hissənin tərbiyəvi işlər üzrə müavini, ehtiyatda olan polkovnik-leytenant İntiqam Mirzəyev, ehtiyatda olan polkovnik-leytenant Qurban Qurbanov, hərbi hissənin digər zabit və əsgərləri çıxışlarında işğal altındakı torpaqlarımızı erməni tapdağından azad etmək üçün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmrini yerinə yetirməyə hər an hazır olduqlarını bildiriblər. Çıxışlarda briqadanın keçdiyi döyüş yolundan söhbət açılıb, hərbçilərimizin göstərdikləri qəhrəmanlıqların gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində təbliğinin vacibliyi vurğulanıb.

Diqqətə çatdırılıb ki, 701 saylı briqadanın şəxsi heyəti əsgərdən tutmuş yüksək rütbəli zabitə kimi Vətən borcunu mətanətlə, vicdanla yerinə yetirib.

Tədbirdə Azərbaycan Ordusunun Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqlara həsr olunmuş “Ultimatum” adlı sənədli film nümayiş etdirilib.