12 oktyabr 2018 21:41
3104

Azərbaycanın hərbi potensialının güclənməsi ilə...

Azərbaycanın hərbi potensialının güclənməsi ilə Ermənistanın artan müharibə qorxusunun düz mütənasibliyi...

Azərbaycanın məqsədyönlü və ardıcıl şəkildə öz hərbi gücünü artırması Ermənistanda böyük təşvişlə qarşılanır. Ermənistan mətbuatı indi də Azərbaycanın İtaliyadan 10 ədəd M-346 təlim-döyüş təyyarəsi alması xəbəri ilə çalxalanmaqdadır. “Armenianreport.com” saytının analitiki Qraçya Qalustyan “İtaliya da Azərbaycanı silahlandırmaq qərarına gəldi” sərlövhəli yazısında mövzu ilə bağlı dərin narahatlığını ifadə edib. Rusiyanın “ridus.ru” internet portalında yer alan Azərbaycanın İtaliyadan hərbi təyyarələr alması ilə bağlı informasiyaya istinad edən erməni jurnalist ölkəmizin öz hərbi potensialını artırmasından əməlli - başlı təşvişə düşdüyünü və məyusluğunu gizlədə bilməyib: “Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələrdən də, NATO ölkələrindən də silah alır. Baş nazir Nikol Paşinyan “Ermənistan heç bir vəchlə Azərbaycanın KTMT-yə üzv olmasına imkan verməyəcək” bəyanatını verərkən, rəsmi Bakının NATO üzvü olan ölkələrlə münasibətlərinin daha da sıxlaşması ilə bağlı xəbərlər alırıq. Təəssüf ki, bizi pessimistliyə sürükləyən belə xəbərlər birinci və axırıncı deyil. Bu dəfə İtaliya Azərbaycanı silahlandırmaq qərarına gəldi...”

İşğalçı ölkənin analitiki unudur ki, dövlətimizin uzun illərdir apadığı məqsədyönlü siyasət nəticəsində artıq beynəlxalq arenada Azərbaycanın haqq işi dəstəklənir və məhz bunun üçün də bir çox nüfuzlu dünya dövlətləri özləri ölkəmizlə hərbi-strateji əməkdaşlıq etməkdə maraqlıdırlar. 

“Ridus.ru” portalının məlum informasiyasındakı detalları təlaş içində qeyd edən təcavüzkar ölkənin analitiki daha sonra yazır: “Azərbaycan İtaliyadan 10 ədəd M-346 təlim-döyüş təyyarəsi alıb və daha 15 təyyarə sifariş verib. “Alenia Aermacchi M-346 Master” əvvəlcə pilotların döyüş hazırlığının yüksəldilməsi üçün nəzərdə tutulurdu və İtaliyanın “Leonardo Aircraft” şirkəti tərəfindən istehsal olunur. Təyyarə ilk uçuşunu 2004-cü ildə keçirib. O vaxtdan bəri İtaliyanın və bəzi digər ölkələrin Hərbi Hava Qüvvələri bu təyyarələrdən alıb. Təyyarədə iki turboreaktiv mühərrik quraşdırılıb və bu mühərriklərin sayəsində M-346 saatda 1050 kilometrə qədər sürət yığa bilir. Şirkət təyyarəni daha da təkmilləşdirərək onu təlim-döyüş təyyarəsinə çevirib. M-346 təyyarələrinin təlim-döyüş versiyası qanadaltı asmalarda 3 tona qədər ağırlığında cəmi 5 bomba daşıya bilir. Hazırda İtaliya Hərbi Hava Qüvvələrinin silahlanmasında 18 belə təyyarə var. Sinqapur 12, İsrail 30, Polşa isə 8 M-346 təyyarəsi alıb”.

Qraçya Qalustyan bu arada Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycanın hərbi gücünü artırması ilə bağlı səsləndirilən bəyanatları da təlaşla xatırlayıb: “Azərbaycan Prezidenti geniştərkibli iclasda bəyan edib: “Bu gün Azərbaycanın hərbi potensialı ən yüksək səviyyədədir. Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib, bu proses davam etdirilir”. Bu, artıq Bakıdan Ermənistana verilən növbəti qorxulu mesajlardan biridir...”

Beləcə, müharibə qorxusunu aşkarca dilə gətirən Ermənistan tərəfi Azərbaycanın öz hərbi potensialını artırmaq və torpaqlarını işğaldan azd etmək yolunda atdığı hər addımda utanmadan Azərbaycanla əməkdaşlıq etməyə maraqlı olan aparıcı dünya dövlətlərini qınamağa da çəkinmir: “ İtaliya kimi bir dövlət də Azərbaycanın mövqeyini dəstəkləməyə başladı. Bu gün dünyanın bir çox dövlətləri Azərbaycanla strateji tərəfdaşlıq etmək, əməkdaşlığı genişləndirmək üçün sanki yarışa giriblər. İlk sırada gələn dövlətlərdən biri də İsraildir. Bu dövlət Azərbaycanın əsas silah tədarükçülərindən biridir. Təəssüf ki, İsrail bizim arqumentlərimizi dinləmək istəmir...”

Elə məqamındaca xatırlatmaq yerinə düşər ki, ermənilərin “bizim arqument” dedikləri anlayış illərdir Azərbaycanın əzəli torpaqlarını işğal altında saxlama faktından başqa bir şey deyil. Təbii ki, İsrail dövləti işğalçı dövlətin sərsəm “arqumentlərini” deyil, haqq işi uğrunda hər şəkildə mübarizə aparan Azərbaycanı dəstəkləyir və dəstəkləyəcəkdir.

Q.Qalustyan Azərbaycanı dəstəkləyən dövlətlərdən danışarkən yenə də Türkiyənin “adına duz salmağı” unutmayıb. O, böyük təəssüf hissi ilə vurğulayıb ki, Türkiyə nümayişkəranə şəkildə Azərbaycanın ərazi bütövlüyü naminə Ermənistanla hər cür tərəfdaşlıqdan illərdir imtina edir.

Analitik KTMT üzvü olan Rusiya və Belarusun da Azərbaycanla hərbi sahədə əməkdaşlıq sahəsində tam bir yarış vəziyyətində olduğunu qısqanclıq hissi ilə qeyd etməyi yaddan çıxarmayıb: “Rusiya və Belarus bundan sonra da Azərbaycana silah satmaqda israrlıdırlar. Baxın, KTMT-də bizim belə “müttəfiqlərimiz” var. Bunu bəlkə də də problem etməyə dəyməzdi, ancaq NATO üzvü olan ölkələr də Azərbaycana hərbi dəstək göstərməyə başlayıblarsa, artıq qorxmağa dəyər...Bu və ya digər şəkildə situasiya çox qorxuludur. Ən kədərlisi isə budur ki, bu situasiyadan çıxış yolu görünmür...”

Digər “dəyərləndirilmələrində”  olduğu kimi, bu məsələdə də işğalçı ölkənin jurnalisti yanılır- situasiyadan çıxış yolu var. Bu çıxış yolunu Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib : “Ermənistan asılı ölkədir, öz gələcəyini özü müəyyən edə bilmir. İşğalçı siyasəti onları bax, bu vəziyyətə gətirib çıxarıbdır. Onların vəziyyətdən yeganə çıxış yolu qonşularla münasibətləri bərpa etməkdir. Bunun üçün isə işğala son qoyulmalıdır. Dağlıq Qarabağın gələcək statusu ancaq vahid Azərbaycan dövləti çərçivəsində mümkün ola bilər. Münaqişənin həlli bundan ibarətdir...”

Sevinc Abdullayeva, “İki sahil”