18 oktyabr 2018 18:53
2457

Azərbaycanın müdafiə naziri “Beynəlxalq gələcək qüvvələr sərgisi 2018”də iştirak edir

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Çex Respublikasına səfəri çərçivəsində bu ölkənin Müdafiə, Daxili İşlər, Xarici İşlər nazirliklərinin, Silahlı Qüvvələrin Baş Qərargahının, NATO qərargahının, Avropa Müdafiə Agentliyinin və bir sıra digər milli və beynəlxalq təşkilatların dəstəyi ilə keçirilən “Beynəlxalq gələcək qüvvələr sərgisi 2018”də iştirak edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu tədbir milli və qlobal təhlükəsizlik hədəflərinin təqdimi və təşviqi, eyni zamanda, müdafiə və təhlükəsizlik sahələri üzrə məlumat mübadiləsi məqsədilə keçirilən beynəlxalq səviyyədə tanınmış nüfuzlu bir platformadır.

Sərgidə 60-dan çox ölkənin 1200-dək şirkəti iştirak edir. Azərbaycan nümayəndə heyəti həmin sərgiyə qatılan xarici ölkələrin müdafiə şirkətlərinin istehsal etdiyi məhsullarla tanış olaraq onların təyinatları barədə ətraflı məlumat alıb.

Səfər çərçivəsində müdafiə naziri Z.Həsənov bir sıra müdafiə şirkətlərinin rəhbərliyi ilə ikitərəfli görüşlər də keçirib.