17 noyabr 2017 17:06
2140

Azərbaycan beynəlxalq sülhməramlı əməliyyatlara mühüm töhfə verir

AZƏRTAC-ın çəkiliş qrupu sülhməramlılarımızın xidmət şəraiti ilə tanışlıq məqsədilə “N” saylı hərbi hissədə olub

Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunmasına öz töhfələrini verir. Azərbaycanın NATO ilə əməkdaşlığı, beynəlxalq sülhməramlı əməliyyatlara verdiyi töhfə və sülhməramlı əməliyyatlarda azərbaycanlı hərbçilərin peşəkarlığı xüsusi qeyd edilməlidir. Hazırda NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyası çərçivəsində Həmid Kərzai adına Kabul beynəlxalq hava limanının (HİKA) təhlükəsizliyini təmin edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının nümunəvi xidməti və peşəkarlığı daim yüksək qiymətləndirilir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.

NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlıları plana uyğun olaraq, rotasiya qaydasında üç aydan bir dəyişdirilir.

AZƏRTAC-ın çəkiliş qrupu sülhməramlılarımızın xidmət şəraiti ilə tanışlıq üçün “N” saylı hərbi hissədə olub.

Hərbi hissə ilə tanışlıq nəzarət-buraxılış məntəqəsindən başlayır. Buranın müasirliyi, səliqə-sahmanı diqqəti ilk baxışdan cəlb edir. Əsgər və zabitlərin xidmət aparması, onların istirahəti üçün yaradılan şərait isə öz yerində.

Çəkiliş qrupunu hərbi hissənin yüksək rütbəli zabitləri qarşılayırlar. Qonaq otağında çay süfrəsi arxasında hərbi hissənin yaranma tarixi, missiyası, şəxsi heyətin gündəlik fəaliyyəti barədə ətraflı məlumat verilir.

Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı fəaliyyəti

1994-cü il mayın 4-də Azərbaycan Respublikası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” (SNT) Proqramına qoşulub. 1996-cı il aprelin 23-də Azərbaycan Respublikasının Prezidenti, ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının SNT Təqdimat sənədini NATO-nun baş katibinə təqdim edib.

1997-ci ildən isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı bölüyü, 2001-ci ildə isə sülhməramlı taboru yaradılıb.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı taqımı 1999-cu ilin sentyabrından 2008-ci ilin martınadək 34 nəfərlik şəxsi heyətlə (32 əsgər, 1 gizir və 1 zabit) Kosovoda sülhün yaradılması və dəstəklənməsi əməliyyatlarında (KFOR) iştirak edib. Azərbaycan taqımı Türkiyə taborunun 4-cü mexanikləşdirilmiş piyada bölüyünün tərkibində Draqaş şəhərində xidmət aparıb. Taqımın bilavasitə cavabdeh olduğu və növbə apardığı ərazi Brod yaşayış məntəqəsi olub.

Bu müddət ərzində Kosovoda 362 hərbi qulluqçu iştirak edib. Onlardan 345-i əsgər, 7-si gizir, 10-u isə zabit olub. 2008-ci ilin aprelində Kosovonun müstəqilliyinin təktərəfli elan olunması ilə əlaqədar taqım tam heyətlə Kosovo bölgəsindən geri çağırılıb.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı bölüyü 2003-cü avqustun 15-dən 2008-ci dekabrın 7-dək 151 nəfərlik şəxsi heyətlə (120 əsgər, 16 gizir, 15 zabit) İraqda Beynəlxalq Koalisiya Qüvvələri tərkibində fəaliyyət göstərib. İraqın Əl-Həditə şəhəri yaxınlığında ABŞ Dəniz Piyadaları Komandanlığının tərkibində su anbarının və su elektrik stansiyasının mühafizəsini həyata keçirib. Koalisiya Qüvvələrinin İraqdan çıxması ilə əlaqədar 2008-ci il dekabrın 7-də bölük tam heyətlə İraqdan geri qayıdıb.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22 nəfərlik sülhməramlı taqımı 2002-ci il noyabrın 20-dən Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) tərkibində fəaliyyətə başlayıb. 2008-ci il yanvarın 15-dən Azərbaycanın Əfqanıstandakı sülhməramlı kontingentinin sayı artırılaraq bölük səviyyəsinə çatdırılıb. 2008-ci il oktyabrın 2-də Azərbaycan Respublikasının Milli Məclisi Əfqanıstandakı sülhməramlı kontingentin tərkibinin iki dəfə artırılması barədə qərar qəbul edib. Müvafiq olaraq, 2009-cu il 19 fevral tarixindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 nəfərlik sülhməramlı kontingenti Əfqanıstanda ISAF-ın əməliyyatlarında Türkiyə taborunun tərkibində fəaliyyət göstərir. Bölüyün şəxsi heyəti Kabildə televiziya qülləsini, ISAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini qoruyur və patrul xidmətini həyata keçirirdi. 2010-cu il oktyabrın 5-də Azərbaycan NATO-nun Əfqanıstanda keçirdiyi ISAF əməliyyatlarına sülhməramlılarımızın töhfəsinin artırılması məqsədilə iki hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə iki zabiti göndərib.

2015-ci ilin yanvarından NATO-nun Əfqanıstanda keçirdiyi yeni “Qətiyyətli Dəstək” adlı qeyri-döyüş missiyasında Silahlı Qüvvələrimizin 94 nəfərlik kontingenti altı aylıq rotasiya planına uyğun olaraq xidmətə başlayıb.

Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı kontingenti Həmid Kərzai adına Kabul beynəlxalq hava limanının (HİKA) mühafizəsi tapşırığını yerinə yetirir.

Xidmətin fərqliliyi

Sülhməramlılarda xidmət digər qoşun növlərindəkindən bir neçə xüsusiyyətinə görə fərqlənir. Burada xidmətin fərqliliyi ondan ibarətdir ki, hərbi hissə müxtəlif bölmələrdən ibarətdir və hər bölmənin də özünə görə spesifik təyinatları var. Burada sülhməramlı bölmə çox mühüm tapşırıqlar yerinə yetirir. Hərbi hissədən Azərbaycan Respublikasının Silahlı Qüvvələrini xaricdə təmsil etmək üçün sülhməramlı qüvvələr göndərilir. Hərbi hissə bu baxımdan demək olar ki, bütün digər hərbi hissələrdən fərqlənir. Hazırda Azərbaycanın sülhməramlıları Əfqanıstan İslam Respublikasında missiyanı uğurla yerinə yetirirlər.

Azərbaycan sülməramlılarının nümunəvi xidməti və peşəkarlığı barədə NATO-un baş katibi, Əfqanıstanda xidmət aparan ölkələrinin dövlət başçıları, yüksək rütbəli zabitləri Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyevə, müdafiə naziri, general-polkovnik Zakir Həsənova minnətdarlıqlarını bildiriblər.

Hərbi hissədə sülhməramlı əməliyyatlara hazırlıq isə belədir: Əsgərlər xidmətə qəbuldan sonra onların hər birinin sağlamlığı, psixoloji vəziyyəti yoxlanılır, dərin tibbi müayinədən keçirilir. Onlar altı ay müddətində xüsusi hazırlıqdan keçirlər. Digər yoxlamalardan da sonra əməliyyatlara göndərmək üçün könüllülük prinsipi əsasında kontingent formalaşdırılır.

Sülhməramlılarda xidmətin üstünlükləri

Sülhməramlılarda xidmətin ən mühüm üstünlüyü Azərbaycanı xaricdə təmsil etməkdir. Bundan başqa, sülhməramlı əməliyyatlarda iştirak edən şəxsi heyət üçün dövlətimiz tərəfindən müvafiq imtiyazlar tətbiq olunur. Yəni, istər xidmətdə olduğu vaxt, istərsə də hərbi xidmətdən tərxis olunub mülki həyata qayıtdıqdan sonra da həmin şəxslər üçün imtiyazlar nəzərdə tutulub.

Hərbi hissənin zabiti, mayor Sübhan Şairov deyib ki, hazırda Əfqanıstanda xidmət edən Azərbaycanın sülhməramlı qüvvələr bölüyü Kabul beynəlxalq hava limanının təhlükəsizliyini yüksək səviyyədə təmin edir. Belə ki, hava limanının ərazisində, eyni zamanda, NATO-ya aid baza yerləşir. O baza ki, 52 ölkədən 5 minə qədər şəxsi heyət həmin dislokasiya məntəqəsində gündəlik fəaliyyətlə məşğul olur, xidmətlər aparır. Bölüyün şəxsi heyəti bazanın giriş qapısında buraya daxil olan şəxsi heyətin və avtomobillərin gündəlik yoxlanılmasını, təhlükəsizliyi təmin edir. Burada xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti 52 ölkədən olan 5 minədək hərbçi arasında özünə xas xüsusiyyəti, mentaliteti ilə fərqlənir, peşəkarlığı ilə seçilir və ölkəmizi nümunəvi şəkildə təmsil edir.

S.Şairov yerli əhalinin Azərbaycanlı sülhməramlıları ilə münasibətindən danışarkən bildirib ki, ünsiyyətdə də hər hansı problem yaşanmır. Çünki əfqan xalqı ilə Azərbaycan xalqı arasındakı tarixi bağlar çox sıxdır və geniş tanınır, insanlarımız eyni dinə etiqad edirlər. Ona görə də bu baxımdan yerli əhali ilə hərbçilərimiz arasında hər hansı problem yaşanmır.

Qidalanma

“N” saylı hərbi hissənin yeməkxanası ilə tanışlıq zamanı burada əsgərlər üçün xörəklərin və çörəyin hazırlanması, həmçinin son dövrlərdə şəxsi heyətin qida rasionuna edilən əlavələr barədə də məlumat verilib. Hərbi hissənin yeməkxanasında aşpazların və digər işçilərin mülki şəxslərlə əvəz olunması hazırlanan xörəklərin və görülən işlərin keyfiyyətinə müsbət təsir göstərib. Hərbi hissənin yeməkxanası mətbəx avadanlığı, o cümlədən ətçəkən, tərəvəzdoğrayan və kartoftəmizləyən maşınlar, elektrik tavaları, elektrik və qaz plitələri ilə təmin edilib. Yeməkxanada keyfiyyətli milli xörəklərin bişirilməsinə diqqət daha da artırılıb. Diqqət çəkən məqamlardan biri də buradakı çörək sexi olub. Bu sex hərbi hissənin şəxsi heyətinin çörəyə tələbatını tam ödəməyə imkan verir.

Aşpaz hazırlığı üzrə təlimatçı müəllim Adışirin Həsənov bildirib ki, hər əsgərə 200 qram çörək verilir. Hər gün mərkəzləşdirilmiş qaydada bazadan un alırıq və burada çörək və bulkalar bişiririk. Hər bir əsgər üçün gündəlik 200 qramlıq çörək, 100 qramlıq cemli və kartoflu bulkalar hazırlanır. Hər əsgərə səhər yeməyində 100 qram çörək və 100 qram cemli bulka verilir. Axşamlar isə çörəklə bərabər, həftədə 3-4 dəfə kartoflu bulka verilir. Hərbi hissədə milli mətbəximizə aid bütün xörəklər hazırlanır.

Nahar yeməyində plova üstünlük verilir. Əsgərin menyusunda sulu xörəklərdən ətli borş, küftə, düyü şorbası, quru yeməklərdən plov, dolma, kotlet, küftə, lülə kabab, toyuq ətinin qızartması, sous, müxtəlif salatlar, digər milli yeməklər, meyvə şirəsi və s. daxildir. Xörəkləri mülki qadınlar hazırlayırlar.

Onu da qeyd edək ki, şəxsi heyətə verilən xörəklər əvvəlki dövrlərlə müqayisədə çox dəyişib. Qidalanma səviyyəsi yüksəlib.

AZƏRTAC-ın çəkiliş qrupu günün menyusu ilə tanış olub. Səhər yeməyinə kolbasalı yumurta ilə bulqur süzməsi, çörək, kərə yağı, cem, şirin çay, şirin çörək daxildir. Nahar yeməyi isə tərəvəz salatı, kompot, çörək, dovğa, meyvə şirəsi, alma, rizə küftə, küftə-bozbaş, toyuq qızartması, lülə, toyuq çığırtması, kələm dolmasından ibarətdir. Şam yeməyində isə kartof qızartması ilə balıq konservi, çörək, kərə yağı, pendir, şirin çay təqdim olunur. Yeri gəlmişkən, xörəklərin hazırlandığı yerin təmizliyi, səliqəliliyi də diqqəti cəlb edir. Əsgərlərlə söhbətimiz zamanı öyrənirik ki, heç kim qidalanmadan narazı qalmır.

Hərbi hissənin zabiti, polkovnik-leytenant Teyfur Rüstəmov bildirib ki, yüksək keyfiyyətlə inşa olunan yataqxanalarda əsgər və zabitlərin qalması, istirahəti, asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Yataqxanalarda, həmçinin lazımi hərbi-texniki vəsaitlərlə təchiz edilmiş sinif otaqları var. Hərbi hissənin qazanxana, camaşırxana və hamam kompleksi də ən müasir səviyyədədir. T.Rüstəmov sülhməramlılarımızın xidmətə hazırlığı, tədrisi, təlimi ilə bağlı ətraflı məlumat verib.

Burada diqqətimizi çəkən daha bir məqam isə Əfqanıstanda NATO-nun həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyası çərçivəsində Həmid Kərzai adına kabul beynəlxalq hava limanının buraxılış məntəqəsinin maketi oldu. Maketin olduğu ərazidə sülhməramlı kontingent altı ay müddətində hazırlanır və sonra əməliyyatlara göndərilir.

Buradakı şərait bir daha təsdiq edir ki, Azərbaycan Respublikasının iqtisadi qüdrəti artdıqca hərbi sahənin daha da müasirləşdirilməsi, əsgər və zabitlərin xidmət şəraitlərinin yaxşılaşdırılması, onların hərbin sirlərinə dərindən yiyələnmələri istiqamətində mühüm tədbirlər görülür.

Əfqanıstanda NATO-nun həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyası çərçivəsində Kabul beynəlxalq hava limanının təhlükəsizliyini təmin edən hərbi qulluqçularımızın nümunəvi xidməti və peşəkarlığı daim yüksək qiymətləndirilir.

Hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitlə tanış olduqdan sonra məşğələ otaqlarına baş çəkdik, silahlanmadakı döyüş vasitələri ilə tanış olduq, şəxsi heyətin məşqlərini izlədik.

Fəxri qarovul bölüyü də nəzərimizdən qaçmadı. Bu bölükdə Müdafiə Nazirliyinə gələn rəsmi qonaqların qarşılanması üçün üç qoşun növündə taqımlar fəaliyyət göstərir.

Ümumiyyətlə, hərbi hissədə olduğumuz müddətində müşahidə etdik ki, Azərbaycan sülhməramlılarının ən yüksək tələblər səviyyəsində hazırlanması üçün burada hər cür şərait yaradılıb. Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı kontingentinin nümunəvi xidməti məhz bu yüksək şəraitin və hazırlıq prosesinin peşəkarlıqla təşkil edilməsinin məntiqi nəticəsidir.