16 noyabr 2017 19:36
730

Özbəkistan ilə ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb

Noyabrın 16-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Respublikasının müdafiə naziri, general-mayor Abdusalom Azizovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Özbəkistan nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyublar.

Görüşdə Z.Həsənov bildirib ki, ölkələrimiz arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlıq dostluq və qardaşlıq münasibətləri üzərində qurulub. Nazir bölgədəki hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistan ilə Azərbaycan arasında münaqişənin regional sabitliyə ciddi təhdid olduğunu diqqətə çatdırıb.

Ölkəmizə səfərindən məmnunluğunu vurğulayan A.Azizov Azərbaycan Silahlı Qüvvələrində həyata keçirilən islahatlar və ordu quruculuğundakı nailiyyətlər barədə məlumatlı olduğunu bildirib, bu təcrübədən istifadə edilməsində maraqlı olduqlarını bildirib.

Tərəflər Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafının ölkələrimizin yerləşdiyi Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edəcəyini xüsusi vurğulayıblar.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, mütəxəssislərdən ibarət qrupların qarşılıqlı səfərlərinin təşkili, o cümlədən maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşün yekununda Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında 2018-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.

Sonra Özbəkistan nümayəndə heyəti Silahlı Qüvvələrin Baş Qərargahının inzibati binasında ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzeyi ziyarət edib, xidməti otaqlardakı iş şəraiti ilə tanış olub.

Mərkəzi Komanda Məntəqəsinə gələn qonaqlar videobağlantı vasitəsilə birliklər və qoşun növləri ilə birbaşa əlaqə saxlayıblar.