15 sentyabr 2017 23:12
388

Ermənistan Müdafiə Nazirliyində yeni qalmaqal

Ermənistan Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsinin adı daha bir qalmaqalda hallanmağa başlayıb.

AZƏRTAC Ermənistan mətbuatına istinadla xəbər verir ki, nazirliyin idarə rəisi Norayr Yolçyanın Yerevanın mərkəzində 3,5 milyon dollara mənzil aldığı, hətta lift üçün də əlavə 60 min ABŞ dolları ödəməsi barədə bu ölkə ictimaiyyətində ciddi rezonans doğuran xəbər yayılıb.

Rüsvayçılığın böyüməsindən qorxan Ermənistanın Müdafiə Nazirliyi dərhal açıqlama vermək məcburiyyətində qalıb.

Panorama.am saytının müxbiri ilə söhbətində mətbuat xidmətinin rəhbəri Arsrun Ovannisyan bunu şər-böhtan adlandırıb. O, guya Norayr Yolçyan ilə söhbət etdiyini və idarə rəisinin məsələnin məhkəmə yolu ilə həll olunmasının mümkünlüyü ilə maraqlandığını bildirib.

Xatırladaq ki, 2013-cü ildə Ermənistan Müdafiə Nazirliyinin arxa cəbhə idarəsinin rəisi təyin edilən və kriminal hərbi-siyasi rejimin rəhbəri S.Sarkisyana yaxın münasibətləri ilə tanınan polkovnik Norayr Yolçyanın adı artıq bir neçə dəfə müxtəlif qalmaqallarda hallanıb. O, Ermənistan ordusunda baş vermiş korrupsiya hallarına görə tez-tez mətbuatın gündəmində olur.