26 oktyabr 2018 14:40
3137

Səfər Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynayacaq

Amerika Birləşmiş Ştatları Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Azərbaycana rəsmi səfərini yüksək qiymətləndirən Milli Məclisin deputatı Elman Nəsirov “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, səfər ABŞ-Azərbaycan ikitərəfli münasibətləri və regional təhlükəsizlik məsələləri baxımından olduqca əhəmiyyətlidir: “Bu gün Azərbaycan ABŞ və yaxud da Avropanın digər ölkələri ilə ikitərəfli münasibətlər qurur, əhatəsini daha da genişləndirir. Bir neçə gün bundan öncə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Bakıya rəsmi səfəri çərçivəsində aparılan danışıqlar, keçirilən görüşlər də buna sübut oldu. Görüşdə Prezident İlham Əliyev qeyd etdi ki, bu gün Azərbaycan-ABŞ münasibətləri strateji xarakter daşıyır və bizim münasibətlərimiz ilk növbədə beynəlxalq sülhə, təhlükəsizliyə dəstək kontekstində ən yüksək səviyyəyə gəlib çatıb. Xüsusən də Əfqanıstana dəstək məsələsində Azərbaycan ABŞ ilə sıx əməkdaşlıq edir. Prezident İlham Əliyev, həmçinin ikitərəfli münasibətlərdə enerji sektorunun oynadığı rola da diqqət yetirdi. Bildirdi ki, ABŞ Azərbaycanın enerji təhlükəsizliyi siyasətini dəstəkləyir və buna görə də Avropanın ən böyük enerji layihəsi olan “Cənub Qaz Dəhlizi”nin reallaşdırılmasında Birləşmiş Ştatların dəstəyi çox böyük rol oynayıb”.

Deputat qeyd etdi ki, ölkə başçısı cənab İlham Əliyevin Con Boltonla görüşündə müzakirə obyekti olan ən vacib məsələlərdən biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq idi: “Bu məsələ Azərbaycan Prezidenti və ABŞ rəsmisinin bəyanatlarında da öz əksini tapdı. Dövlət başçısı bildirdi ki, Azərbaycanın həllini tapmayan əsas problemi Dağlıq Qarabağ problemidir və bu münaqişənin real mahiyyəti haqqında Con Boltona məlumat verdi. Prezident İlham Əliyev xüsusilə də BMT və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdikləri qərar və qətnamələrin hələ də yerinə yetirilmədiyini vurğuladı. Bu vəziyyət isə Ermənistanda bir növ arxayınçılıq yaradıb. Əgər C.Bolton və ABŞ administrasiyası Ermənistan və Azərbaycan arasında sülhün yaranmasını istəyirsə, dərhal torpaqlarımızın azad olunması istiqamətində əməli işə başlamalıdır. Əks halda Azərbaycanın gücü, imkanları da göz önündədir. Azərbaycan heç bir dövlətin torpağını işğal etməyib, sadəcə ölkəmiz tapdaq altında olan ərazimizin azad olunmasını tələb edir. Bu məsələdə biz Amerika Birləşmiş Ştatlarının dəstəyinə ümid bəsləyirik və inanırıq ki, bu səfər münaqişənin həlli istiqamətində mühüm rol oynayacaq”.

Mənsumə Babayeva, “İki sahil”