16 noyabr 2018 14:23
1983

Fransa ATƏT-in Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır

Rəsmi Parisin separatizmi və işğalçılığı dəstəkləyən addımlar atması onun ATƏT-in Minsk qrupunun üzvü kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə şübhələr yaradır

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq 24 ildir ki, həll olunmamış vəziyyətdə qalır. Münaqişənin nizamlanması istiqamətində effektiv addımların atılmamasının ən başlıca səbəbi isə Ermənistanın daim qeyri-konstruktiv mövqe tutmasıdır. Lakin bununla belə Ermənistanın şıltaqlıq etməsinə və təcavüz siyasətini davam etdirməsinə şərait yaradan dövlətlər də münaqişənin həll edilməməsində ən azı Yerevan qədər günahkardırlar. Həmin dövlətlərdən biri də məhz ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Fransadır.

Ümumiyyətlə, rəsmi Paris son müddət ərzində atdığı addımları və fəaliyyəti ilə separatizmin və işğalçılığın stimullaşdırılmasına əsaslar yaradıb. Məsələn, Fransanın şəhərlərinin merləri Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edərək işğal altında olan şəhərlərimizlə Fransanın şəhərləri arasında “qardaşlaşma” sazişləri imzalayırlar. 10-dan artıq Fransa şəhəri bu kimi qanunsuz və ilk növbədə Fransa qanunlarını pozan sənədə imza atıb. Amma Fransa hökuməti tərəfindən isə bunun qarşısının alınması üçün heç bir tədbir görülmür.

Görünən odur ki, Fransa ənənəvi olaraq ermənipərəst siyasət yürüdür. Fransanın Prezidenti Emmanuel Makron Frankafoniya sammitində iştirak üçün oktyabr ayında Ermənistana üç günlük səfər etsə də, tarazlığı qorumaq üçün Azərbaycana səfər etmədi. Məsələn, Rusiya rəhbərliyi həssaslığı nəzərə alaraq, tarazlı münasibəti təmin edir. Bu günlərdə regiona səfər edən ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da tarazlı münasibət nümayiş etdirdi və münaqişənin həlli ilə əlaqədar obyektiv və ədalətli açıqlamalarla çıxış etdi.

Bütün bunlar az kimi Ermənistanın Dağlıq Qarabağı işğal etməsindən sonra orada yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyan davamlı olaraq Fransaya səfər edir. Fransa hökuməti tərəfindən isə bu kimi qanunsuz səfərlərin qarşısının alınması üçün də heç bir tədbir görülmür.

Artıq bu bir faktdır ki, Fransa açıq-aşkar ikili standartlara əsaslanan siyasət yürüdür. Baxmayaraq ki, Cənubi Osetiya, Abxaziya, Transdnestria və Krımdan olan şəxslərin Fransanın ərazisinə daxil olmasına icazə verilmir. Həmçinin, Yeni Koledoniyada keçirilmiş referendumdan sonra Fransa Prezidenti çıxış edərək müstəmləkə ərazisi olan Kaledoniyanın Fransanın tərkibində qalmasına görə fəxr etdiyini bildirdiyi, Fransa hökuməti Korsikada separatizmə qarşı sərt və kəskin siyasət apardığı halda, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına xidmət edən hallara göz yumur.

Eyni zamanda, çox maraqlıdır ki, Azərbaycan vətəndaşları Fransa səfirliyində viza almaq üçün süründürməçilik və bürokratik problemlərlə üzləşdiyi halda, saxta pasport məlumatları ilə Bako Saakyan və digərləri Fransa ərazisinə asanlıqla daxil olurlar. Qanuni əsaslarla Fransaya səfər edən Azərbaycan vətəndaşları isə Fransanın sərhəd-keçid məntəqələrində əsassız sorğu-suallarla qarşılaşırlar.

Baş verənlər ona dəlalət edir ki, Fransa açıq şəkildə separatizmi dəstəkləyən siyasət həyata keçirir. Ona görə də, Fransa XİN və Fransanın Azərbaycandakı səfirinin “Fransa “Dağlıq Qarabağ Respublikası”nı tanımır deyə bəyanatı tamamilə qəbuledilməzdir və məsuliyyətdən qaçmaqdan başqa bir şey deyildir. Fransa açıq və birmənalı şəkildə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyini və münaqişənin də bu prinsiplər əsasında həllini dəstəkləməlidir. Əgər bu belə davam edərsə, Fransanın qərəzli və qeyri-obyektiv tərəf olduğunu nəzərə alaraq, Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır. Hələ ATƏT-in Minsk Qrupunun həmsədrlik institutu yaradılan zaman Azərbaycan qəti şəkildə Fransanın həmsədr olmasına etiraz edirdi. Lakin o zaman Fransa qərəzsiz və tarazlı siyasət yürüdəcəyinə öhdəlik götürmüşdü.

Fransanın ermənilərin işğalçılıq siyasətinə göz yumması və separatizmi ruhlandıran addımlar atması, rəsmi Parisin Avropa İttifaqı daxilində aparılan müzakirələrdə Aİ-nin Azərbaycan ilə əlaqələrinin inkişafına da maneə yaratması göz önündədir. Bütün bunlara görə Paris ortaya qəti mövqe qoymalı, işğalçı dövlət ilə münasibətlərini ATƏT-in Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərin fəlsəfəsinə uyğun qurmalıdır. Əks təqdirdə Azərbaycan bu ölkə və onun şirkətləri ilə olan münasibətlərinə yenidən baxa bilər.

Zahid Rza, “İki sahil”