22 noyabr 2018 14:28
3104

Mübariz Əhmədoğlu: Beynəlxalq vəziyyət ölkəmizin xeyrinə formalaşıb

“Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində kompleks proseslər irəliyə doğru inkişaf edir və bu irəliləmə Azərbaycanın xeyrinədir”.

Bu sözləri dünən mətbuat üçün keçirdiyi ənənəvi “Qarabağ saatı”nda Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, Ermənistandakı seçkilər səbəbindən zahirən prosesdə sönüklük müşahidə olunsa da, əslində Azərbaycanın apardığı dinamik siyasət nəticəsində münaqişənin həlli istiqamətində beynəlxalq vəziyyət ölkəmizin xeyrinə formalaşıb: “İndi ATƏT-in Minsk qrupunun həmsədrlərinin hər üçü Ermənistana problemin həll edilməsinin zəruriliyini diktə edirlər. Bu baxımdan ABŞ-ın son illərdəki davranışı xüsusilə seçilir”.

Separatçı rejimin “rəhbəri” Bako Saakyanın Fransaya səfərindən danışan politoloq qeyd edib ki, əslində bu səfərin bu qədər diqqətə alınmasına ehtiyac yox idi, çünki Saakyan hər il olduğu kimi, indi də Avropaya pul dilənməyə gedib: “Ermənilər hər il noyabr ayının ikinci yarısında müxtəlif Qərb ölkələrində pul toplamaq məqsədilə telemarafonlar təşkil edirlər. Saakyanın Fransaya səfəri də bu məqsədlə təşkil edilib. Əslində ermənilər Fransanı Azərbaycanpərəstlikdə ittiham edirlər. Fransa Rusiyadan sonra ATƏT-in ikinci üzvüdür ki, Azərbaycana hərbi texnologiya verir”.

M. Əhmədoğlu əlavə edib ki, hazırda Ermənistan həm Qərbdə, həm də MDB məkanında dəstəyini itirir. Yaxın zamanlarda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından da (KTMT) çıxarılacağı mümkündür: “Çünki KTMT üzvləri Ermənistanla əməkdaşlığın faydasız olduğunu görürlər. Bu ölkələr miskin Ermənistandansa, güclü Azərbaycanla əməkdaşlıq etməyə üstünlük verirlər. Azərbaycanın KTMT-yə üzvlük məsələsini də buna görə gündəmə gətirirlər”.

Politoloqun fikrincə, region ölkələri Azərbaycanla həm də təhlükəsizlik məqsədilə əməkdaşlıq etməyə maraqlıdırlar. Azərbaycan Cənubi Qafqazda, o cümlədən Qafqazda ən böyük təhlükəsizlik ixracatçısıdır. Ermənistan isə bu kriteriyaların heç birinə cavab vermir.

Taleh Turqut, “İki sahil”