Lənkəran rayonunda 7 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Hirkan- Daştatük- Biləsər avtomobil yolu yenidən qurulur. Ölkə başçisı yolun müasir tələblərə uyğun keyfiyyətlə tikilib başa çatması üçün 9, 1 milyon vəsait ayırmışdır. Ümumi uzunluğu 22 kilometr olan avtomobil yolun tikintisinə şəxsən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi nəzarət edir.
Artıq işin çox hissəsi görülüb. Beləki, 10 kilometri tam hazır vəziyyətə gətirdikdən sonra oraya 7 və5 sm hündürlükdə 2 laydan ibarət iri, xırda dənəli asfalt -beton qarışığı döşənib. Yolun eni 10 metr genişlənib, hərəkət zolağı isə 6-7 metrə çatdırılıb. Onun rahatlığına söz ola bilməz.
Yolun qalan 12 kilometrlik örtüklü hissəsi çınqıl örtüklü olmaqla tikintisi nəzərdə tutulub. Yolçəkənlər hazırda burada çalışırlar. Yolun dağılmış yerləri qazılıb çıxarır, yatağına karxana çınqılı döşənir və vərdənə ilə səliqəli şəkildə bərkidilir. Suötürücü yerlərdə dəmir-beton boruları quraşdırılır. Tikinti işlərində ekoloji mühit də nəzərə alınır. Uçqunlar və sürüşmələrin qarşını almaqdan ötrü divarlar tikilir, küvetlər düzəldilir, yolun çiyin hissələri genişlənir. Ümumiyyətlə, yolun tikintisində hər şey qaydasında gedir. Bütün bunlar isə yerli əhali tərəfindən rəğbətlə qarşılanır. Yol üstə görüşüb söhbət etdiyim adamlardan bir-neçəsinin dedikləri məndə könül xoşluğu yaratdı.
Elşad Həsənov - Hirkan qəsəbə sakini, sadə zəhmət adamı: Yol çox bərbad halda idi. Sağ olsun Prezidentimiz. İndi yolumuz dünya standartların tələblərinə uyğun qurulur. Cənab İlham Əliyev əməli işi ilə daha da sübut edir ki, o, həqiqətən hər bir azərbaycanlının əziz Prezidentidir. Zəhmət adamları həmişə ona sədaqətli olacaqlar.
Məmmədəli Suvarov - Daştatük kənd sakini: Cənab İlham Əliyev Prezident seçildiyi gündən yalniz xalqının xoşgüzəranını düşünür. Gecə-gündüz çalışır ki, heç bir sosial problem camaatı narahat etməsin. Apardığı düzgün siyasətin nəticəsidir ki, həyatımız günbəgün gözəlləşir. Xoşbəxt xalqıq ki, cənab İlham Əliyev kimi ağıllı, xalqına bağlı müdrik Prezidentimiz vardır...
Firudin Kazımov - Biləsər kəndi, ağsaqqal-ziyalı: Dövlət başçımıza bu savab işə görə minnətdarıq. Son illər respublikamızda gedən abadlıq-quruduculuq işlər dünyanın heç yerində yoxdur. Sırf sosial xarakter daşıyan bu tədbirlər yalnız insan amilinə xidmət edir. Bunu da öz ölkəsində yalnız xalqına bağlı rəhbərlər bacarır.
Səməd Səmədov - Alazəpin kənd məktəbinin müəllimi: Sevincdən deməyə söz tapa bilmirəm. Prezidentimiz İlham Əliyev olduqca uğurlu siyasət aparır. Ölkədə firavan həyat naminə yerinə yetirilən layihələrin sayı bilinmir. Bunlarla bərbər, müasir standartlara uyğun yeni yollar salınır, körpülər tikilir. Bu yol bizim üçün əsl xoşbəxtlikdir. Prezidentimiz xalqını sevdiyi qədər, biz də ona ürəkdən bağlıyıq.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü