29 sentyabr 2018 17:04
2799

Şəkidə Heydər Əliyev Mərkəzinin yeni binasının tikintisi sürətlə davam etdirilir

Şəki şəhərində Heydər Əliyev Mərkəzinin yeni binasının, həmçinin Bayraq meydanı və Bayraq muzeyinin tikintisi sürətlə davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəki-Qoxmuq kənd avtomobil yolunun şimal-qərb hissəsində, Kiş çayının sahilində yeni salınmaqda olan və ümummilli lider Heydər Əliyevin adını daşıyacaq parkın ərazisində ucaldılan bayraq dirəyinin hündürlüyü 72,4 metrdir.

Parkın ərazisində inşa edilən Heydər Əliyev Mərkəzinin üçmərtəbəli binasının ümumi sahəsi 5629, tikinti sahəsi isə 2322 kvadratmetrdir. Mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən muzey, səhnə, akt və sərgi zalları, kitabxana, toplantı, tədris, iş və inzibati otaqlar yerləşəcək.

Ərazidə abadlıq və yaşıllaşdırma işləri də aparılır.

Tikinti işlərinin yaxın aylarda başa çatdırılması planlaşdırılır.