14 noyabr 2018 00:08
2367

Dəmir yolunun tikintisinə başlanılıb

İşlər BTQ layihəsi çərçivəsində aparılır

Ermənistanın işğalı nəticəsində blokada şəraitində qalan Naxçıvan Muxtar Respublikasına dəmir yolu xəttinin tikintisinə başlanılıb. Bu barədə jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib. Səfirin sözlərinə görə, tikinti işləri Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində aparılır: “Biz Qarsa tikintisi davam etdirilən logistik mərkəz qismində baxırıq. İşlərin indi hansı mərhələdə olduğunu deməyə çətinlik çəkirəm, lakin böyük ehtimalla yaxın iki ildə başa çatacaq. Hazırda Bakı-Tbilisi-Qars layihəsinin davam etdirilməsi işləri görülür. Söhbət dəmir yolunun Qarsdan Naxçıvana uzadılmasından gedir və bu istiqamətdə işlər artıq başlayıb”.

Sözsüz ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Naxçıvana qədər uzadılması bu layihənin əhəmiyyətini daha da artırmaqla yanaşı, Azərbaycandan Naxçıvan MR-a və yaxud əks istiqamətdə yükdaşımaların həcmini ciddi dərəcədə artıracaq. Reallaşdırılması ilə ölkəmizin beynəlxalq aləmdəki rolunu artıran və iqtisadi cəhətdən milyonlarla dollar gəlir gətirəcək olan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə dair saziş 2007-ci ildə Tbilisidə imzalanıb. Elə həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində dəmir yolu xəttinin təməli qoyularaq icra prosesinə start verilib. Bu gün yüklərin etibarlı şəkildə daşındığı 846 kilometrlik Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın, 263 kilometri Gürcüstanın, 79 kilometri isə Türkiyənin ərazisindən keçir.

2017-ci ilin 30 oktyabrında Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli surətdə açılış mərasimi kiçirilən BTQ Mərkəzi Asiya ölkələrinin-Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıracaq. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə multimodal yükdaşımaların həcmini artıracaq. Belə ki, xətt üzrə üçüncü istismar ilində 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yükün daşınacağı nəzərdə tutulur. Bu isə o deməkdir ki, Azərbaycanla yanaşı Gürcüstan və Türkiyə də tranzit daşımalarından yüksək gəlir əldə edəcək. Qeyd etdiyimiz kimi, bura Naxçıvanla biribaşa yük və sərnişindaşımaları da əlavə etsək, Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğu aydın görünür.

Taleh Bağırov, “İki sahil”