19 aprel 2018 22:24
2308

Cəlilabad-Yardımlı avtomobil yolu yenidən qurulur

Cəlilabad və Yardımlı rayonları arasında yeni bir bağlantı yaradacaq Cəlilabad-Yardımlı avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulur.

Agentliyin mətbuat xidmətindən bildirilib ki, ümumi uzunluğu 72 kilometr olan yolun 51 kilometri Cəlilabad rayonu, 21 kilometri isə Yardımlı rayonu ərazisindən keçir. Sözügedən avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğundur. Yol yatağının eni 10 metrdir, buraya 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyin hissələr daxildir.

Hazırda tikinti işləri yolun Yardımlı rayonu ərazisinə düşən 21 kilometrlik hissədə aparılır. Bundan öncə yolun Cəlilabad rayonu ərazisinə düşən 51 kilometrlik hissəsinin 35 kilometrində yenidənqurma işləri yekunlaşdırılıb. Yolun Yardımlı ərazisinə düşən hissəsində isə hazırda torpaq işləri görülür, yeni yol yatağı inşa olunur. Bunun üçün yolun avtoqreyderlə profilə salınması və genişləndirilməsi, yararlı material tökülərək kipləşdirilməsi, dağ yamaclarının kəsilməsi işləri texnoloji ardıcıllıqla həyata keçirilir.

Layihə çərçivəsində yolun altından suların ötürülməsi üçün mövcud boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrli suötürücü dəmir-beton boruların tikintisi işləri də aparılır. Artıq bir neçə yerdə 500, 800 və 1500 millimetr diametrli boruların quraşdırılması işləri yekunlaşdırılıb. Hazırda yol boyu zəruri olan digər yerlərdə də bu istiqamətdə işlər davam etdirilir.

Yeni yol yatağı hazır olan kimi, yol əsasının inşasına və asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq. Asfaltlanma alt və üst lay olmaqla xırda və iri dənəli asfalt-beton qarışığından istifadə edilməklə aparılacaq.

Bütün işlər texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. Tikinti işlər tamamlandıqdan sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yol-cızgi və yolgöstərici xətlər çəkiləcək.

Qeyd olunub ki, iki rayonu birləşdirmək baxımından mühüm əhəmiyyətə malik yolun yenidən qurulması ilə 59 yaşayış məntəqəsinin 60 mindən çox əhalisinin gediş-gəlişi rahatlaşacaq, yük və sərnişin daşınması isə asanlaşacaq.

Həmçinin yeni yolun salınması ilə yol boyu yaşayan əhalinin yetişdirdikləri məhsulları istər Yardımlı, istərsə də Cəlilabad rayon mərkəzlərinə rahat şəkildə daşımasına imkan yaranacaq, bu isə sözügedən bölgədə kənd təsərrüfatının inkişafına təkan verəcək.