17 may 2018 22:06
1412

Nazirliyin saytı yenilənib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytı yenilənib

17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibətilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) saytı yenilənərək istifadəyə verilib.

Nazirlikdən bildirilib ki, “www.mincom.gov.az” domen ünvanında fəaliyyət göstərən saytın dizaynı yenilənməklə yanaşı, funksionallığı da artırılıb.

Qeyd edək ki, keçmiş Nəqliyyat Nazirliyinin domeni də “www.mincom.gov.az” ünvanına yönləndirilib.

Saytda “Nazirlik”, “Fəaliyyət”, “Qanunvericilik”, “Layihələr” və “Media” bölmələri, eləcə də nazirliyin, tabeli müəssisə və qurumların fəaliyyətinə dair alt bölmələr yenilənib. Sayt Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir.

İstifadəçi rahatlığını təmin etmək məqsədilə nazirliyin bütün qurumlarına dair məlumatlara keçid saytın əsas səhifəsində yerləşdirilib.

Saytda “Dilmanc” səsləndirmə alqoritmi də tətbiq edilib. Bu tətbiq vasitəsilə istifadəçilər saytdakı istənilən məlumatı həm də dinləyə bilərlər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytında görmə qüsuru olan şəxslər üçün də funksiya yaradılıb.

Bu funksiya məlumatların üstünlük təşkil etdiyi daxili səhifələrdə aktivdir. Saytın sağ tərəfindəki gözəbənzər işarəni seçməklə şriftləri böyütmək, rəngləri dəyişmək mümkündür.