23 yanvar 2018 21:45
2380

“Microsoft” məktəblərə 200 dollardan ucuz noutbuklar təklif edib

“Microsoft” ABŞ məktəblərində “Google”dan birinciliyi geri almaq niyyətindədir. Bu işdə ona şirkətin tərəfdaşlarının istehsal edəcəyi, dəyəri 189-299 dollar arasında olan ucuz noutbuklar kömək edəcək. Qurğulara öncədən “Windows 10 S” (proqram təminatının yalnız “Windows Store”un rəsmi mağazasının kataloqundan quraşdırılmasına imkan verən əməliyyat sisteminin “məktəb” versiyası) quraşdırılacaq.

“Microsoft”un korporativ vitse-prezidenti Yusif Mehdinin sözlərinə görə, onun şirkəti adətən ən çox 299 dollar dəyərində satılan “Google” şirkətinin “Chromebook”unun qiymət üstünlüyünü məhv etmək niyyətindədir. “Windows”un leptoplarında isə ofis proqramları və məktəblilər arasında məşhur olan “Minecraft” oyun-konstruktoru daxil olmaqla proqramların tam versiyalarını istifadə etmək mümkün olacaq.

AZƏRTAC hitech.vesti.ru saytına istinadla xəbər verir ki, bir çox “Windows” qurğuları “touchscreen” dəstəyi ilə təchiz ediləcək. Bəzi modellərə isə virtual reallıq dəbilqələrinin dəstəyi quraşdırılacaq.