13 avqust 2018 21:37
1158

Təhsil naziri Qazaxda vətəndaşları qəbul edib

Avqustun 13-də təhsil naziri Ceyhun Bayramov Qazax şəhərindəki Ədəbiyyat Muzeyində Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarının sakinlərini qəbul edib. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Təhsil Nazirliyindən bildiriblər ki, qəbuldan əvvəl təhsil naziri Ceyhun Bayramov, Qazax Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Məmməd Alıyev Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Nazir qəbula yazılmış vətəndaşların müraciət və təkliflərini diqqətlə dinləyərək, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.

Qəbulda vətəndaşlar əsasən müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən digərinə, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, təhsil sənədlərinin tanınması və digər məsələlərlə əlaqədar müraciət ediblər.