13 noyabr 2018 23:05
2696

ADNSU-nun 3500-ə yaxın tələbəsi SOCAR-da təcrübə keçib

Noyabrın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) SOCAR-ın İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli ilə tələbələrin görüşü keçirilib.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı SOCAR və ADNSU arasında olan əməkdaşlığın əhəmiyyətindən danışıb və SOCAR-ın universitetə göstərdiyi etimadı yüksək qiymətləndirdiyini bildirib. Son dövrlər universitetdə həyata keçirilən islahatlar barədə məlumat verən rektor M.Babanlı tələbələrin istehsalat təcrübəsində iştirakının təmin olunması, həmçinin magistrların işlə təmin edilməsi istiqamətində yaradılan şəraitdən və görülən işlərdən danışıb.

SOCAR-ın 2018/2019-cu tədris ili üçün tələbələrə yaratdığı imkanlardan və ADNSU ilə əməkdaşlıqdan danışan SOCAR-ın İnsan Resursları Departamentinin rəisi A.Bəkirli tələbələrlə görüşün əhəmiyyətinə toxunub. Mühəndis kadrlarının hazırlanması prosesində universitetlərlə birgə fəaliyyətin zəruriliyinə toxunan A.Bəkirli SOCAR-ın daxili təqaüd proqramlarında və eləcə də istehsalat təcrübəsində ADNSU tələbələrinin xüsusi yer tutduğunu vurğulayıb.

Görüşdə, həmçinin SOCAR-ın gənclərlə bağlı həyata keçirdiyi layihələr, daxili və xarici təqaüd proqramları, eləcə də ödənişli və ödənişsiz təcrübə  barədə təqdimat nümayiş olunub. Qeyd olunub ki, ADNSU-nun tələbələri SOCAR-ın reallaşdırdığı təqaüd proqramlarının, yay məktəbi layihələrinin, eləcə də digər təşəbbüslərin fəal iştirakçılarıdır. Belə ki, 2018-ci ildə ödənişsiz istehsalat təcrübəsinə ADNSU-dan 748 tələbə seçilib. Bu günə qədər isə ADNSU-dan ümumilikdə 3392 nəfər SOCAR-da təcrübə keçib.

Daha sonra SOCAR-ın proqramlarında fərqlənən tələbələrə mükafatlar təqdim olunub.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Zamin Məmmədov, “İki sahil”