16 noyabr 2018 15:42
1722

BANM-də MBA təhsili: İdarəçilik idarəçilərdən öyrənilir

Bakı Ali Neft Məktəbində (BANM) Biznesin İdarə Edilməsi (MBA) magistr proqramı uğurla reallaşdırılır.

BANM-dən bildirilib ki, ümumilikdə 120-dən artıq krediti əhatə edən bu proqramın əsas məqsədi qlobal mühitdə rəqabətədavamlı mütəxəssislər yetişdirməkdir. Ali məktəbin beynəlxalq təcrübəyə malik professor heyəti isə yalnız BANM üçün nəzərdə tutulan eksklüziv və innovativ proqram hazırlayıblar.

MBA proqramına idarəetmə və təşkilati davranış, maliyyənin idarə olunması, biznes və iqtisadiyyat üçün statistika, marketinq konsepsiyaları, menecerlər üçün mühasibat, kapital qoyuluşu və maliyyə strategiyaları, risklərin idarə olunması və sığortalama və s. kimi əsas fənlər, eləcə də seçmə fənlər daxildir. Proqram əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, BP şirkətinin İT layihələr üzrə qrup rəhbəri Faiq Nəsibov, İtaliyanın “KT Kinetics Technology” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Nikolo Haylpern, “Bioropean” MMC-nin yaradıcısı və direktoru Emin İlyas, BANM-in beynəlxalq təcrübəli professoru Cavanşir Əlizadə tərəfindən tədris edilir.

“Bakı Ali Neft Məktəbində MBA üzrə təhsil almaq arzum idi. Amma açığı, dərslərin bu dərəcədə mükəmməl təşkil olunacağını gözləmirdim. Bizə dərslər çox təcrübəli, tanınmış insanlar tərəfindən keçirilir. Öyrəndiklərimizin praktiki nümunələri məni çox ruhlandırır”, – deyə ali məktəbin MBA tələbəsi, “Bakı Gəmiqayırma Zavodu” MMC-nin kommersiya meneceri Famil İbrahimov bildirib.