18 may 2018 18:47
1109

Tanınmış alimin 80 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universitetində tanınmış alimin 80 illik yubileyi qeyd olunub

Mayın 18-də Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin neft kimyası və kimya texnologiyası kafedrasının müdiri, kimya elmləri doktoru, professor Musa Bayramovun anadan olmasının 80 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov professor M.Bayramovun mənalı ömür yolundan, səmərəli elmi və pedaqoji fəaliyyətindən danışıb.

Qeyd olunub ki, M.Bayramov 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsini bitirib, bir müddət akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda çalışıb. 1969-cu ildən isə fəaliyyətini BDU-da uğurla davam etdirir.

Hazırda universitetin kafedra müdiri vəzifəsində çalışan alim 1968-ci ildə namizədlik, 1984-cü ildə doktorluq dissertasiyası müdafiə edib, ona professor elmi adı verilib. Yüksəkixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanmasında mühüm xidmətləri olan M.Bayramov dəyərli elmi əsərlərin, dərslik və dərs vəsaitlərinin müəllifidir.

Digər çıxış edənlər də professor M.Bayramovun elmə və təhsilə verdiyi töhfələrdən söz açıblar.