17 may 2018 21:44
1220

Ulu Öndərin 95 illiyinə layiqli töhfə

“Ümidləri doğruldan Universitet” kitabı - Ulu Öndərin 95 illiyinə layiqli töhfə

Mayın 17-də Bakı Slavyan Universiteti tərəfindən çapdan çıxan “Ümidləri doğrudan universitet” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan nəşrin təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, ölkəmizdəki diplomatik korpusun nümayəndələri, Milli Məclisin deputatları, ali məktəblərin rektorları iştirak ediblər. Tədbirdə BSU-nun rektoru, professor Nurlana Əliyeva Ümummilli Liderin ölkəmizin müstəqilliyinin bərpası, dövlətçiliyimizin qorunması və ictimai-siyasi sabitliyin bərqərar olunması sahəsindəki fəaliyyətindən, Azərbaycanın inkişafı və beynəlxalq münasibətlər sisteminə inteqrasiyasındakı rolundan danışıb. O, Ulu Öndərin müasir dünyanın mürəkkəb geosiyasi reallıqları fonunda xalqımızın milli mentalitetinə və demokratik prinsiplərə əsaslanan qüdrətli dövlət yaratdığını bildirib.

N.Əliyeva Ümummilli Liderin azərbaycançılıq ideologiyasının əsas istiqamətlərindən birinin də yüksək səviyyəli təhsil yaratmaq olduğunu qeyd edib. Bildirib ki, dahi şəxsiyyət vətəndaş tərbiyəsində təhsilin rolunu daim yüksək qiymətləndirib, onu intellektual gəncliyin yetişdirilməsinin ən mühüm amillərindən biri hesab edib.

BSU-nun tarixinə ekskursiya edən rektor rəhbərlik etdiyi ali təhsil ocağının ərsəyə gəlməsində, onun müstəqil Azərbaycanın ictimai-siyasi, elmi-mədəni həyatına daxil olmasında Ulu Öndərin misilsiz xidmətlərindən danışıb. O deyib: “Bu gün BSU Rusiya, Türkiyə, Fransa, Ukrayna, Bolqarıstan, Çexiya, Polşa, Yunanıstan, Belarus, Rumıniya, Monteneqro və digər ölkələrin universitetləri ilə sıx əməkdaşlıq edir. Bu əlaqələr Azərbaycanı slavyan ölkələrinin xalqlarına, gənclərinə yaxından tanıdır. Həmçinin vətənimizin multikultural bir ölkə olaraq nadir tarixi ənənələrini, xalqımızın mütərəqqi keyfiyyətlərini, yüksək amalını, vətənpərvərlik tərbiyəsini, dünya xalqlarına ehtiramını, dünya mədəniyyətinə sonsuz məhəbbətini təqdim etmək imkanı yaradır. Slavyan ölkələrinin Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri ilə universitetin əməkdaşlığı bu əlaqələrin daha əyani şəkildə, dostluq və qardaşlıq səviyyəsində etibarlı bir körpü kimi möhkəmlənməsini təmin edir”.

Bu gün də respublikamızın təhsil sistemində innovativ yeniliklər, çevik islahatlar, əsaslı infrastruktur dəyişikliklərinin aparıldığını bildirən N.Əliyeva Prezident İlham Əliyevin Ulu Öndərin uzaqgörən siyasi kursunu təmkinlə, əzmlə, ardıcıl şəkildə davam etdirdiyini diqqətə çatdırıb. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın da fəaliyyətində başqa mədəniyyətlərə düzgün, səmimi yanaşmanın aydın göründüyünü bildirib. Ulu Öndərin ortaya qoyduğu azərbaycançılıq ideologiyasının təhsilimizin, mədəniyyətimizin, müstəqilliyimizin ana xətti olduğunu deyən N.Əliyeva BSU-nun da bu dahi şəxsiyyətin reallaşan ümidlərinə bir nümunə olduğunu bir daha vurğulayıb.

Təhsil nazirinin müavini Firudin Qurbanov “Ümidləri doğruldan Universitet” kitabının yüksək məziyyətlərindən danışıb və onu Ulu Öndərin 95 illiyinə layiqli töhfə kimi dəyərləndirib. Nazir müavini BSU-nun yetişdirdiyi bir çox mütəxəssislərin dövlət qurumlarında yüksək vəzifələrdə çalışdıqlarını qeyd edib. O, bu kadrların ölkəmizin inkişafında böyük rolu olduğunu vurğulayıb. Təhsil sistemində aparılan islahatlardan danışan F.Qurbanov bu islahatların artıq öz bəhrəsini verdiyini diqqətə çatdırıb. Bildirib ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3500-dən çox gənc xarici ölkələrdə təhsil almaq imkanı əldə ediblər.

Tədbir çıxışlarla davam etdirilib.