18 aprel 2018 23:06
1167

Bilik Fondu beynəlxalq əlaqələrini genişləndirir

Aprelin 18-də Ukrayna Respublikasının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Poltava Milli Texniki Universitetinin rektoru, professor Vladimir Onişenko, bu ali məktəbin elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Svetlana Savitskaya Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda icraçı direktor Oktay Səmədovla görüşüblər. Qonaqlar əhalinin maarifləndirilməsi və elmi biliklərinin artırılması istiqamətində fondun fəaliyyəti ilə tanış olub, ukraynalı alim və tədqiqatçıların Azərbaycanda, ölkəmizin tanınmış ziyalılarının Ukraynada mühazirə və ustad dərslərinin təşkili, birgə elmi konfrans və seminarların keçirilməsi məsələlərini müzakirə ediblər.

Fonddan bildiriblər ki, görüşdə Ukraynanın qədim tarixə və ənənələrə malik ali təhsil ocağının təmsilçiləri Azərbaycanın bir sıra universitetləri ilə qurulmuş əlaqələrdən danışıb, Bilik Fondu ilə əməkdaşlığın bu əlaqələrin genişlənməsinə, elm və təhsil müəssisələrində elmi biliklərin müxtəlif sahələri üzrə informasiya mübadiləsinin aparılmasına, hər iki ölkənin gəncləri arasında dostluq münasibətlərinin möhkəmlənməsinə böyük dəstək verəcəyinə əminliklərini bildiriblər.

Həm humanitar, həm də texniki elmlərin bir çox sahələri, o cümlədən memarlıq və inşaat, neft və qaz sənayesi üzrə yüksək ixtisaslı kadr hazırlığını həyata keçirən Poltava Milli Texniki Universitetinin rektoru V.Onişenko ölkəmizin paytaxtında aparılan tikinti və quruculuq işlərini xüsusi maraqla izlədiyini, ölkə iqtisadiyyatının nailiyyətlərinə heyran olduğunu bildirib, azərbaycanlı gənclərin elmə və təhsilə, milli mənəvi dəyərlərin qorunub saxlanmasına münasibətini yüksək dəyərləndirib.

Bilik Fondunda işgüzar görüşün məhz ölkə Prezidentinin andiçmə mərasiminin keçirildiyi günə təsadüf etdiyini vurğulayan ukraynalı alim fondun kollektivini ölkəmizdə prezident seçkilərinin uğurla başa çatması münasibətilə təbrik edib.

Təbrikə və xoş sözlərə görə minnətdarlığını bildirən, Bilik Fondunun icraçı direktoru O.Səmədov dövlət başçısının elmin, təhsilin inkişafına, əhalinin maariflənməsinə və bununla da bilikli, bacarıqlı insan kapitalının formalaşmasına daim yüksək diqqət və xüsusi qayğı ilə yanaşdığını, fondun və onun ətrafında toplaşan intellektual qüvvənin bu kapitalın zənginləşməsinə layiqincə xidmət etmək əzmində olduğunu bildirib.

Tədbirdə Poltava Milli Texniki Universiteti ilə Bilik Fondu arasında əməkdaşlıq haqqında saziş imzalanıb.