18 aprel 2018 22:07
1320

Lisey şagirdlərinin rəsm əsərlərinidən ibarət sərgi açılıb

“Kaspi” Təhsil Şirkəti və “Gənc istedadlar” liseyi şagirdlərinin rəsm əsərlərinidən ibarət sərgi açılıb

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) və Bakı Dövlət Universitetinin (BDU) yaradılmasının 100 illik yubileyi münasibətilə “Kaspi” Təhsil Şirkəti və BDU-nun nəzdindəki “Gənc istedadlar” liseyi şagirdlərinin rəsm əsərlərindən ibarət sərginin açılışı olub.

Universitetdən bildiriblər ki, açılış mərasimində “Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva AXC-nin və BDU-nun 100 illik yubileylərinə həsr olunmuş tədbirin əhəmiyyətini diqqətə çatdırıb.

“Kaspi” Təhsil Şirkətinin missiyası və gələcək hədəfləri barədə məlumat verən S.Vəliyeva şirkət ilə BDU arasında imzalanmış əməkdaşlıq müqaviləsindən danışıb, təhsil müəssisələrinin əlaqələrini yüksək dəyərləndirib. Şagirdlərin rəsm əsərləri barədə müsbət fikirlərini bildirən S.Vəliyeva onlara uğurlar arzulayıb.

BDU-nun rektoru, akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin təhsil sahəsi ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini qeyd edib.

2007-ci ildən fəaliyyətə başlayan “Gənc istedadlar” liseyinin fəaliyyətindən, onun təhsil müəssisələri, xüsusilə “Kaspi” Təhsil Şirkəti ilə əlaqələrinin əhəmiyyətindən danışan rektor liseydə qazanılan uğurları diqqətə çatdırıb.

Akademik A.Məhərrəmov şagirdlərin yaradıcılıq qabiliyyətlərinin aşkara çıxarılması baxımından təşkil edilən tədbirlərin önəmli olduğunu söyləyib.

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə şagirdlərin rəsm əsərlərini yüksək dəyərləndiriblər.

Hər iki təhsil müəssisəsindən beş nəfər, ümumilikdə on şagird qalib olub, digər məktəblilərə isə fəxri fərmanlar təqdim edilib.

Yaxın günlərdə liseylərarası stolüstü tennis, şahmat, futbol və intellekt yarışlarının keçirilməsi nəzərdə tutulur.