15 fevral 2018 22:59
1527

Bizi biz edən ən müqəddəs dəyərimiz: Azərbaycan dili

“Dilimizi daha da inkişaf etdirmək bizim ən müqəddəs borcumuzdur”  
Heydər Əliyev, ümummilli lider 

Milli varlığımız olan ana dilimiz Böyük Azərbaycanda eranın ilk əsrlərində oğuz dilləri zəminində formalaşmış, qəbilə -tayfa dilləri səviyyəsindən 50 milyondan çox azər türkünün istifadə etdiyi  müasir, ümummilli dil səviyyəsinə yüksəlmişdir.

Dilin müstəqil inkişafı, zənginləşməsi və nüfuzu bilavasitə dövlətçiliklə bağlı olduğu üçün dil dövlətçiliyin ən aparıcı atributlarından biri hesab olunur. Dövlətçilik zəminində dilin cəmiyyətdəki rolu artır, informasiya imkanları genişlənir. Təsadüfi deyildir ki, dilimiz uzun müddət ancaq məişət dili kimi, bədii ədəbiyyatın dili kimi fəaliyyət göstərmiş, XIX əsrdən  etibarən isə mətbuat dili, dram dili,bir az sonra isə tədris dili formalaşmışdır.

Azərbaycanda dil siyasətinin yürüdülməsi  ölkə Prezidentinin sərəncamı ilə 100 illiyini qeyd etməyə hazırlaşdığımız Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlanır.   Hökumətin 27 iyun 1918-ci il tarixli qərarı Azərbaycan dilini dövlət dili elan edən ilk rəsmi sənəd kimi çox böyük tarixi rol oynamaqla yanaşı, Azərbaycanda milli dil siyasətinin formalaşmasının, millətin mənafeyinə uyğun düzgün ideoloji mövqeyin əsasını qoydu.

Sovet dövründə xalqımızın mənəvi dəyərlərinə xor baxılmış, dilimiz sıxışdırılmış, təqiblərə məruz qalmışdır. Bu haqsızlığa qarşı etiraz dalğalarının yüksəlməsi 1956-cı ildə Azərbaycan rəhbərliyini dilimizi dövlət dili elan etməyə məcbur etmişdir.

 “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir” deyən Ümummilli Liderimiz Azərbaycana rəhbərlik etməyə başladığı andan mədəniyyətimizə və mənəviyyatımıza dərindən bağlılığını dönə-dönə sübut etmiş, öz siyasi təcrübəsi, yüksək intellekti ilə milli dilin inkişafı istiqamətində məqsədyönlü iş aparmış və bu siyasəti bütün çətinliklərə baxmayaraq dönmədən həyata keçirmişdir. Ümummilli Lider mövcud tarixi təcrübəni və müasir dövrün tələblərini nəzərə alaraq mükəmməl bir dil siyasəti yürütmüşdür.

Azərbaycanın dövlət dili siyasəti 1991-ci ildən sonra xüsusi keyfiyyət qazandı. Müstəqil dövlətin iradəsini ifadə edən bu siyasəti Azərbaycan xalqının Ümummilli Lideri yaratdı və həyata keçirdi. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə respublika hərcmərclik mərhələsindən çıxıb həqiqi müstəqillik yoluna düşdü. Əlbəttə, müstəqillik dövründə müəyyənləşən dövlət dil siyasəti yoxdan yaranmamış, ciddi və əsaslı bir şəkildə əvvəlki dövrlərin tarixi təcrübəsinə dayanmışdı. Özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi sayan müstəqil Azərbaycan Respublikası hər sahədə olduğu kimi, dil siyasəti sahəsində də bu varisliyi qoruyub saxlamışdır.

Ulu Öndər 2001-ci il avqustun 9-da Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında daha mühüm bir Fərman imzalamışdır. Bu Fərmana əsasən, hər il 1 avqust tarixi dil bayramı olaraq qeyd olunmaqdadır. Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi ulu öndər Heydər Əliyevin 1969-cu ildən başladığı milli dil siyasətinin, 1993-cü ildən etibarən həyata keçirdiyi milli dövlətçilik siyasətinin davamı və qanunauyğun nəticəsidir.

Prezident İlham Əliyev də ana dilimizin keşiyində dayanan, onun mühafizəsi yolunda qətiyyət göstərən dövlət başçısı kimi milli-mənəvi dəyərlərə sadiqliyi ilə seçilir. Ziyalılar, alimlər, yazıçı və şairlər, eləcə də sadə insanlarla keçirdiyi görüşlər zamanı dəfələrlə Azərbaycan dilinə olan sevgisinin ifadəsi kimi yumşaq, səlis, təmiz və aydın nitqi ilə nümunə göstərib. Cənab İlham Əliyev dilimizin qorunub inkişaf etdirilməsi istiqamətində fundamental işlər görmüşdür.

Bildiyimiz kimi, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramı ölkə Prezidentinin 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edildi. Dövlət Proqramında qeyd olunduğu kimi, elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir.

Bu  mühüm dövlət sənədinin icrası ilə əlaqədar hazırlanan Tədbirlər Planı geniş bir dövr, zaman kəsiyi  üçün nəzərdə tutulmuşdur. Həmin plana görə, 2013-cü ildən start götürən Dövlət Proqramı 2020-ci ildə başa çatmalıdır.

Mühüm tədbirlərdən biri kimi kütləvi informasiya vasitələrində ana dilimizin təbliği ilə əlaqədar Milli Televiziya və Radio, Mətbuat şuralarının da bu istiqamətdə mütəmadi olaraq səmərəli iş apardığını qeyd edə bilərik. Müvafiq dövlət strukturları Azərbaycan dilinin öyrənilməsi və təbliği sahəsində informasiya-kommunikasiya texnologiyalarının da  geniş miqyasda tətbiqinə başlamışdır.11 noyabr 2017-ci il tarixdə ölkədə dil məsələləri ilə bağlı işləri koordinasiya etmək üçün ölkə Prezidentinin Sərəncamı ilə yeni tərkibli Dövlət Dil Komissiyası yaradılmışdır.

Qloballaşma şəraitində  dilimizin qorunub inkişaf etdirilməsi məqsədilə Tərcümə Mərkəzinin fəaliyyəti genişləndirilmiş, Terminologiya Komissiyası yaradılmışdır. Bu komissiyanın bilavasitə fəaliyyəti nəticəsində elm və texnikanın ayrı-ayrı sahələrinə aid terminoloji lüğətlər nəşr edilmişdir. Yeni terminlərin yaradılması işinin tənzim edilməsi indiki qloballaşma dövründə böyük mədəni və ictimai-siyasi əhəmiyyət daşımaqdadır.  Bir digər mühüm addım da Orfoqrafiya Komissiyasının yaradılmasıdır.Bu qurum dil sahəsində mühüm ictimai əhəmiyyət daşıyan məsələlərlə məşğul olmaqdadır.Bu komissiyanın rəhbərliyi altında yeni orfoqrafiya qaydaları tərtib edilib ümumxalq müzakirəsinə çıxarılmışdır. AMEA-nın Dilçilik İnstitutunda dil proseslərinə nəzarət etmək üçün qaynar xətt yaradılmış, Monitorinq şöbəsi fəaəliyyətə başlamışdır. Monitorinq şöbəsi kütləvi informasiya vasitələrində,mədəniyyət və incəsənət müəssisələrində, eləcə də həyatımızın müxtəlif sahələrində  ədəbi dil normalarına riayət edilməsi üzərində müşahidə aparmaqla məşğul olur və bu işlər vaxtaşırı bu  qurumun elmi şurasında müzakirə olunaraq nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.

Dövlət Proqramından irəli gələn vəzifə kimi təhsil sahəsində  dərsliklərin təkmilləşdirilməsi işi aktuallaşmışdır.Ali məktəblərin qəbul imtahanlarının test tapşırıqlarına abituriyentlərə esse yazmaq tələbi tətbiq olunmuşdur.Bu tələb yazı zamanı çoxlu üslubi və qrammatik səhvlərə yol verməyin qarşısını almaq məqsədi daşıyır. 

Amma bununla yanaşı, dilin böyük ictimai-siyasi hadisə və mənəvi həyatımızın mühüm amili olduğunu nəzərə almayan bəzi mətbuat orqanlarında, telekanallarda, elektron informasiya vasitələrində ədəbi dil normalarının pozulması halları hələ tamamilə aradan qaldırılmamışdır. Tərcümə və dublyaj nümunələrinin mətni dilimizin zəngin ifadə imkanlarından aşağı səviyyədədir. Küçə və meydanlardakı bir sıra reklam lövhələrində, müxtəlif müəssisələrin ad göstəricilərində, digər tərtibat elementlərində Azərbaycan dilinin leksik və qrammatik normaları, dövlət dilinin tətbiqi prinsipləri kobudcasına pozulur.

Bu baxımdan Ali Məclis Sədrinin birbaşa nəzarəti altında Naxçıvan Muxtar Respublikasında Dövlət Proqramının tətbiqi, dilimizin qorunub inkişaf etdirilməsi istiqamətində aparılan işlər, həyata keçirilən genişmiqyaslı tədbirlər  ölkə əhalisi tərəfindən rəğbət hissilə qarşılanmaqdadır. Muxtar respublikamızda bütün bu tələblərin – reklam və elan lövhələrindəki yazıların ədəbi dilimizin bütün normalarına uyğun şəkildə əks olunması da biz dilçi alimləri razı salan hadisədir. Belə ki, regionda istehsal və xidmət sahələrində istifadə olunan reklam və lövhələrdə Azərbaycan dilinin normaları gözlənilməkdədir. Və bu iş, yəni reklam lövhələrinin yazılışının və istifadəsinin qanunvericilikdə nəzərdə tutulmuş formada həyata keçirilməsi, mən deyərdim ki, ölkəmizin digər regionlarında bu sahədə görüləcək tədbirlərə əsl nümunədir.

Ölkə Prezidentinin təsdiq etdiyi Dövlət Dil Komissiyasının üzvü  Ali Məclis Sədrinin bu sahədə gördüyü mühüm işlərdən biri dilimizi qoruyub inkişaf etdirən  Naxçıvan Yazıçılar Birliyinin fəaliyyətinin gücləndirilməsindən ibarətdir.Ali Məclis Sədrinin bilavasitə göstərişi ilə bu birliyin nəzdində Tərcümə Mərkəzi fəaliyyətə başlamış və bu qurum qısa müddət ərzində xeyli faydalı işlər görmüşdür.Eyni zamanda Ali Məclisin Sədrinin təşəbbüsü və nəzarəti altında   Naxçıvan diyarında xalçaçılığın inkişafı proritet sahəyə çevrilmişdir.Muxtar respublika rəhbərinin göstərişi ilə milli-mənəvi dəyərlərimizdən biri kimi xalçaların üzərindəki naxış , təsvir və simvolların elmi cəhətdən araşdırılması, onların mənşəyinin öyrənilməsi müvafiq elmi qurumlar qarşısında bir vəzifə olaraq qoyulmuşdur. Ali Məclis Sədrinin Sərəncamı ilə oxunması zəruri olan kitabların,bədii sözün daşıyıcısı olan dəyərli ədəbi nümunələrin diyarımızın gəncləri tərəfindən geniş şəkildə öyrənilməsi də bu və ya başqa şəkildə dilimizin, sözümüzün təbliğinə, onun keçmişinə,klassik ədəbi irsə hörmətin artmasına münbit zəmin yaratmışdır. Bu istiqamətdə dilimizin qədim yadigarı türk-islam ədəbiyyatının “Siyasətnamə”si”,”Şahnamə”si” sayılan  XI əsrdə qələmə alınmış“Kutadqu bilik” poemasının nəşri də böyük mədəni-ictimai əhəmiyyət daşımaqdadır. Bu məqsədöynlü fəaliyyətin nəticəsi olaraq dilimizin tarixinin öyrənilməsi, onun qorunub inkişaf etdirilməsi çərçivəsində Ali Məclis Sədrinin göstərişi ilə son dövrdə “Dədə Qorqud yurdu Naxçıvan atlası”, “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”, ”Naxçıvanda “Kitabi-Dədə Qorqud”toponimləri” kitablarının nəşri də milli dil siyasətinin tərkib hissəsi olan mənəvi dəyərlərin inkişafına göstərilən dövlət qayğısının bariz təzahürlərindən biridir.

Beləliklə, ulu öndər Heydər Əliyevin ideyaları işığında ölkə miqyasında  qloballaşma dövründə dilimizlə bağlı irəli gələn vəzifələrin uğurlu icrası doğma ana dilimizin, Azərbaycan dilinin inkişafında, həm də dilçilik elmimizin tarixində yeni mərhələnin başlanmasından xəbər verir. Ulu öndərimiz Heydər Əliyevin qeyd etdiyi kimi: “Dilimizi daha da inkişaf etdirmək bizim ən müqəddəs borcumuzdur”  

Əbülfəz Quliyev,

AMEA-nın müxbir üzvü, 
Dövlət Dil Komissiyasının üzvü