21 noyabr 2017 15:30
578

Xudu Məmmədovun 90 illik yubileyinə həsr olunan konfrans

Bakıda görkəmli alim Xudu Məmmədovun 90 illik yubileyinə həsr olunan konfrans keçirilir

Noyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında görkəmli kristalloqraf alim, AMEA-nın müxbir üzvü Xudu Məmmədovun 90 illik yubileyinə həsr olunan beynəlxalq konfrans öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, akademiyanın Kimya və Yer Elmləri bölmələrinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə AMEA Rəyasət Heyətinin üzvləri, müvafiq bölmələr üzrə fəaliyyət göstərən elmi müəssisələrin rəhbərləri, yerli və xarici alimlər iştirak edirlər.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə Xudu Məmmədovun həyat və yaradıcılığından, alimlik zirvəsinə ucalmasından, Azərbaycan elminə göstərdiyi xidmətlərindən və milli vətənpərvərlik ruhlu mütəfəkkir kimi tanınmasından danışıb. Vurğulanıb ki, xalqımızın son zamanlar yetişdirdiyi nadir şəxsiyyətlərdən, kristalloqrafiya sahəsində öz sözünü demiş alimlərdən olan Xudu Məmmədov sovet rejiminin hökm sürdüyü dövrdə ölkəmizin müstəqilliyi uğrunda mübarizə aparan az sayda ziyalılarımızdandır.

AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev mərhum alimin elmi-ictimai fəaliyyətindən danışıb.

Sonra “Xudu Məmmədov – teleportret” filmi nümayiş olunub.

Tədbirdə “Xudu Məmmədov və zülalların quruluş problemləri”, “Xudu Məmmədovun yaradıcılığında elm və sənətin vəhdəti” və digər mövzularda məruzələr dinlənilib.