17 noyabr 2017 23:59
1092

Şimal bölgəsinin məktəbliləri Zaqataladan xoş təəssüratlarla ayrılıblar

Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsi ilə “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində məktəblilərin respublikamızın müxtəlif bölgələrinə, tarixi məkanlara ekskursiyaları davam edir.

AZƏRTAC xəbər verir ki, tur-aksiya çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxan Quba, Qusar, Xaçmaz, Şabran və Xızı rayonlarının məktəblilərindən ibarət qruplar noyabrın 17-də, günün ikinci yarısında Zaqatalanın tarixi məkanları və görməli yerləri ilə tanış olublar.

Tur-aksiya iştirakçıları Heydər Əliyev Mərkəzinin qarşısında rayonun rəhbər işçiləri tərəfindən mehribanlıqla qarşılanıblar.

Rayon icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanova məktəblilərə Zaqatalanın tarixi, coğrafi mövqeyi, mədəniyyəti, iqtisadiyyatı və turizm potensialı barədə məlumat verib. Bildirilib ki, Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında yerləşən, 127 min nəfərə yaxın əhalisi olan Zaqatala rayonunda 20-dən çox xalqın nümayəndəsi yaşayır.

Sonra məktəblilər Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olublar. Bildirilib ki, mərkəz yetişməkdə olan gənc nəslin doğma Vətənimizə layiqli vətəndaş kimi formalaşmasına mühüm töhfə verir. Heydər Əliyev Mərkəzi gündəlik fəaliyyətində uşaq, yeniyetmə və gənclərin hərtərəfli inkişafına, qabiliyyətlərinin üzə çıxarılmasına, onlarda vətənpərvərlik hislərinin yüksəldilməsinə xüsusi diqqət ayırır.

Məktəblilərə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən 1994-cü il mayın 12-dən qüvvədə olan atəşkəsə məhəl qoymayan Ermənistan silahlı qüvvələrinin mövqelərimizə daim atəş açması, dinc əhalini, yaşayış yerlərini gülləboran etməsi barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, düşmən növbəti dəfə təxribata əl ataraq 2016-cı il aprel ayının 2-də yenidən mövqelərimizə hücuma keçib, bir neçə dinc sakini qətlə yetirib. Azərbaycan Ordusu bu hücumun qarşısını almaq üçün əks-hücumla bir sıra məntəqələri və yüksəklikləri azad edib. Aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycan əsgəri müharibəni qısa vaxtda qalibiyyətlə başa çatdırmaq imkanındadır.

Sonra məktəblilər Zaqatala Tarix-Mədəniyyət Qoruğunun ərazisinə gəliblər. Bildirilib ki, qoruq 1804-1830-cu illərdə inşa edilən və ümumi sahəsi 11,5 hektar olan Zaqatala qalasının ərazisində yerləşir. Çar hakimiyyəti tərəfindən Zaqatalaya sürgün edilmiş “Potyomkin” zirehli gəmisinin inqilabçı matrosları vaxtilə məhz bu qalada məhbus kimi saxlanılıblar. Qala divarlarının ümumi uzunluğu 3 min, eni 1,5, hündürlüyü isə 3-5 metrdir. Üç giriş qapısı olan qalanın daxilində müxtəlif məqsədlər üçün tikilmiş 15 yerli əhəmiyyətli abidə var.

Tur-aksiya iştirakçıları sonra ümummilli lider Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət Parkını ziyarət ediblər. Qeyd olunub ki, 1947-ci ildə salınan, ümumi ərazisi 13 hektar olan parkda 27 ağac növü var.

Məktəblilər “Qala düzü” pilləkənlərindən düşərək Zaqatala şəhərinin tarixi hissəsinə - Dədə Qorqud meydanına gəliblər. Meydanda Dədə Qorqudun 2,5 metrlik heykəli ucaldılıb, memorial kompleks tikilib.

Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, 1967-ci ildə yaradılan muzeydə 16 minə yaxın eksponat saxlanılır.

Zaqatalaya səfərləri çərçivəsində tur-aksiya iştirakçıları fındıq emalı zavodunda da olublar. Bildirilib ki, Azərbaycanda fındıq istehsalının böyük bir hissəsi Zaqatala rayonunun payına düşür. Son illər ölkəmizdə fındıqçılığın inkişaf etdirilməsi rayonda bu sahəyə marağı daha da artırıb. Sahibkarlar, kənd zəhmətkeşləri dövlətin onlar üçün yaratdığı imkanlardan yararlanaraq yeni fındıq bağları salır, ölkə iqtisadiyyatının inkişafına öz töhfələrini verirlər.

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları Zaqataladan zəngin təəssüratlarla ayrılıblar.