23 noyabr 2016 19:21
742

Qafqaz Universiteti ilə Şimali Sumatera İslam Dövlət Universiteti arasında müqavilə imzalanıb

Qafqaz Universiteti ilə İndoneziya Respublikasının Şimali Sumatera İslam Dövlət Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Sənədi Qafqaz Universitetinin rektoru, professor Havar Məmmədov və Şimali Sumatera İslam Dövlət Universitetinin rektoru, professor Saidurrahman imzalayıblar.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, müqavilədə bu ali təhsil ocaqları arasında birgə layihələrin, konfransların, müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur.

Professor Saidurrahmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə H.Məmmədov Qafqaz Universitetinin fəaliyyəti barədə ətraflı məlumat verib. Vurğulanıb ki, 23 illik tarixi olan universitetdə üç fakültədə 24 ixtisas üzrə mütəxəsislər hazırlanır. Tam elektronlaşmış Qafqaz Universitetinin məzunları ölkə daxilində və xaricdə nüfuzlu şirkətlərdə işləyirlər. Hazırda bu ali təhsil ocağında dünyanın 27 xarici ölkəsindən, o cümlədən İndoneziyadan tələbələr təhsil alırlar.

Professor Saidurrahman ölkəsinin təhsil sistemi və rəhbərlik etdiyi universitet haqqında ətraflı məlumat verib. Bildirilib ki, 45 illik tarixi olan Şimali Sumatera İslam Dövlət Universitetində hazırda səkkiz ixtisas üzrə 16 min tələbə təhsil alır. Bu ali məktəbin Qafqaz Universiteti ilə əməkdaşlığı üçün geniş potensialı var ki, bu da universitetlər arasında müəllim və tələbə mübadiləsini həyata keçirməyə imkan yaradır.