17 noyabr 2017 21:47
596

Kestutis Yankauskas Naxçıvan Dövlət Universitetində olub

Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və əməliyyat şöbəsinin müdiri Yevan Villiams Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində (NDU) olublar.

NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, qonaqlar əvvəlcə universitetin İKT mərkəzinə gələrək, burada fəaliyyət göstərən kamera-nəzarət sisteminin, server və texniki təminat otaqlarının işi ilə yaxından tanış olublar. Media mərkəzində olan qonaqlar universitet televiziyasında verilişlərin hazırlanması prosesini izləyib, universitet televiziyası üçün müsahibə veriblər.

Qonaqlarla görüş zamanı universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ali təhsil ocağının zəngin maddi-texniki bazası, xarici ali təhsil müəssisələri ilə aparılan tələbə-müəllim mübadiləsi haqda məlumat verib. Rektor dünyanın 50-dən çox universitetinin 80-dən artıq tanınmış ali təhsil ocağı ilə beynəlxalq əməkdaşlığa malik olan universitetin qoşulduğu “Erasmus ” proqramı çərçivəsində Avropa universitetləri ilə birgə qarşılıqlı əməkdaşlıqdan da söhbət açıb.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas universitetdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqindən məmnunluğunu ifadə edib. Bildirilib ki, “Erasmus ” proqramı Azərbaycanın ali təhsil müəssisələri, onların müəllim heyəti və tələbələrinin dəstəklənməsi məqsədini daşıyır. Proqram Azərbaycan müəllim və tələbələrinə 3-12 ay müddətinə Avropa İttifaqına üzv ölkələrin ali təhsil müəssisələrində təhsil almaq və ya staj keçmək imkanları təqdim edir.

Nümayəndəliyin əməliyyat şöbəsinin müdiri Yevan Villiams birgə layihələrin gələcək perspektivlərindən danışıb. Universitetdə mövcud olan elmi və texniki potensialı yüksək dəyərləndirən qonaq, təhsil və elm sahəsində yeni layihələrin icra olunması istiqamətində istənilən dəstəyi göstərməyin mümkün olduğunu deyib.