21 noyabr 2017 19:53
609

Auditorlar UNEC-də Elektron Universitet Modelinin tətbiqini yüksək qiymətləndiriblər

Türk Standartları İnstitutunun auditorları Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Keyfiyyəti İdarəetmə Sistemi”nin icra sənədlərinin qiymətləndirməsi üzrə audit keçiriblər.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, ekspertlər universitetdə Elektron Universitet Modelinin tətbiqinin təqdirəlayiq olduğunu qeyd etməklə yanaşı, layihə çərçivəsində görüləcək işlərin müasir “Keyfiyyəti İdarəetmə Sistemi” istiqamətində ciddi addım kimi qiymətləndiriblər.

Qiymətləndirmənin yekunu olaraq UNEC-in təhsilin bütün səviyyələrinin (bakalavr, magistr və doktorantura ) və formalarının (yenidən hazırlama) ISO 9001:2008 “Keyfiyyəti İdarəetmə Sistemi” üzrə beynəlxalq standartına uyğunluğu təsdiq edilib. Beynəlxalq sertifikatın müddətinin bir il müddətinə uzadılmasına qərar verilib.

Qeyd edək ki, UNEC bu beynəlxalq sertifikata layiq görülən ilk dövlət universitetidir.